...

Azərbaycan XİN Ermənistanın yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsini mənfi fakt kimi qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2010 13:11 (UTC +04:00)
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin yanvar ayında tərəflərə təqdim etdikləri yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsini mənfi fakt kimi qiymətləndirir.
Azərbaycan XİN Ermənistanın yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsini mənfi fakt kimi qiymətləndirir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin yanvar ayında tərəflərə təqdim etdikləri yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsini mənfi fakt kimi qiymətləndirir.

"Bu sənəd Minsk qrupunun münaqişə tərəfləri ilə işinin nəticəsidir", - nazir jurnalistlərə Bakıda mətbuat konfransında deyib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yanvarda Soçidə keçirilən görüşündə MQ tərəflərə danışıqların əsası olan Madrid sənədinin yenilənmiş variantını təqdim edib.

Madrid prinsiplərini qəbul edən rəsmi Bakı hələ Minsk qrupunun həmsədrlərindən Yerevanın vasitəçilər tərəfindən təqdim olunan yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyinə dair informasiya almayıb.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq sənədi qəbul edir və yenilənmiş Madrid prinsipləri əsasında uzunmüddətli sülh sazişinin əldə olunması üzrə işləri davam etdirir.

"Təəssüf ki, artıq may ayıdır, Ermənistan isə indiyədək yenilənmiş sənədlə bağlı öz mövqeyini bildirməyib", - nazir deyib.

Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrləri ilə danışıqlar aparıb. "Düşünürəm ki, bu görüşün yekunları həmsədrlər tərəfindən Venesiyada qarşıdakı görüş zamanı səsləndiriləcək", - Məmmədyarov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti