Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/
Rusiya hərbi bazasının vaxtının uzadılması ilə Ermənistan öz müstəqilliyini itirib. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
"Ermənistan öz müstəqilliyini itirib. Artıq Ermənistan iqtisadi, siyasi, hüquqi baxımdan Rusiyanın tərkibinə keçib. Bununla da Ermənistanda ikihakimiyyətliliyin bünövrəsi qoyulub. İndiki vəziyyətdə Rusiya çalışacaq ki, müdafiə naziri rusiyapərəst olsun və Ermənistanda Rusiyanın maraqlarını ifadə etsin. Cənubi Qafqaz bundan sonra ikiölkəli regiona çevriləcək. Ermənistan Kalininqrad kimi Rusiyanın tərkibinə girir. Bununla, demək olar ki, Rusiya Ermənistanı özəlləşdirir", - Əhmədoğlu əlavə edib.
Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).
Əhmədoğlunun fikrincə, müqavilənin imzalanması ilə Ermənistanın konfliktogenliyi daha da artacaq.
"Ermənistan konfliktogen dövlətdir. Ermənilər münaqişələrlə pul qazanırlar. Onlar yeni münaqişəyə hazırlaşırlar. Təbii ki, yeni münaqişədən öncə, özlərinin təhlükəsizliyini təmin etmək istəyirlər. Ona görə də belə bir müqavilənin imzalanmasına cəhd göstəriblər", - Əhmədoğlu bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.