...

İran Ermənistanın təcavüz və işğal siyasətini pisləyir – vitse-prezident

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2010 09:00 (UTC +04:00)
İran Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib və bu, ölkə siyasətinin əsas və dəyişilməz xəttidir. İranın Parlament məsələləri üzrə vitse-prezidenti Seyid Məhəmmədrza Mirtacəddini bildirib.
İran Ermənistanın təcavüz və işğal siyasətini pisləyir – vitse-prezident

İran, Tehran, 20 sentyabr /Trend, müxbirlər E.Hüseynov, T.Cəfərov/

İran Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib və bu, ölkə siyasətinin əsas və dəyişilməz xəttidir. İranın Parlament məsələləri üzrə vitse-prezidenti Seyid Məhəmmədrza Mirtacəddini bildirib.

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistanın bu bölgəni Azərbaycandan ayırmasını nəzərdə tutan təcavüz və işğalçı siyasətini dəstəkləyə bilmərik", - Mirtacəddini Trend-ə bildirib.

Onun sözlərinə görə, İran dəfələrlə Tehranda danışıqların təşkil edilməsini irəli sürüb və Azərbaycan tərəfini bu barədə xəbərdar edib; Azərbaycan təşəbbüsü dəstəkləyib, lakin Yerevan danışıqlarda iştirakdan imtina edib.

"Biz qonşu ölkələrin - İran, Türkiyə, Gürcüstan və Rusiyanın danışıqlar üzrə vasitəçiliyə qoşulmasını dəstəkləyirik. Vəziyyəti təhlil etmək və münaqişənin ədalətli həllinə kömək göstərmək vacibdir", - o deyib.

Onun sözlərinə görə, İran dəfələrlə üçtərəfli (İran, Azərbaycan, Ermənistan) danışıqları təşkil etməyə cəhd göstərib. Lakin Yerevan Vaşinqtonun təzyiqi altında bu təklifi dəstəkləməyib, Azərbaycan ərazilərini işğalda saxlamaqda davam edib.

Vitse-prezidentin sözlərinə görə, İran, həmçinin, müsəlman abidələrini, o cümlədən, işğal edilmiş ərazilərdəki məscidləri dağıtdıqlarına görə erməniləri pisləyir.

"Hələ Təbrizdən namizəd kimi öz fəaliyyətimin başlanğıcında Ağdam məscidində baş verənlərlə bağlı məqalə yazmışdım və bu faktı pisləmişdim. Mənə digər deputatlar da qoşuldular", - Mirtacəddini bildirib. - "Təbii ki, biz islama hörmətsizliyin istənilən təzahürünü pisləyirik. Məscid - din və etiqad rəmzidir; Qarabağdakı məscidlər də istisna deyil. Bizim müctəhidlər və ilahiyyatçılar məscidlərin təhqir olunmasını pisləyirlər".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti