...

Dağlıq Qarabağ üzrə Alt Komitə öz işinə apreldə başlayacaq – yeni rəhbər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Fevral 2011 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Y.Ostapenko/

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin yeni rəhbəri Jordi Çukla i Kosta münaqişənin tematikasını mütləq öyrənmək və apreldə Alt komitə rəsmən öz işinə başlayanadək hər iki tərəflə əlaqə qurmaq fikrindədir.

"Vaxtımı maksimum tematikanı öyrənməyə həsr edərək səylə işləmək fikrindəyəm. Biz yenicə başlamışıq və indi Alt Komitənin qabaqcıl təcrübəni tətbiq etməklə gələcəkdə obyektiv fəaliyyət göstərməsi üçün hər iki tərəfin mövqelərini daha yaxşı anlamaq məqsədilə onlarla işləmək vaxtıdır", - Kosta Vaşinqtondan telefonla Trend-ə bildirib.

İspaniyanın Liberallar Partiyasından olan deputat Kosta ötən cümə günü keçirilən, AŞPA Bürosunun Alt Komitənin işinin bərpa ediməsi qərara alınan iclasında Avropa Şurası Parlament Assambleyası Alt Komitəsinin sədri təyin edilib.

Alt Komitə 2005-ci ildən mövcuddur. Lakin qurumun sədri Lord Rassel Constonun vəfatından sonra onun fəaliyyəti dayandırılmışdı.

Münaqişələrin nizamlanmasında və vasitəçilikdə təcrübəyə malik Kosta özünün bu yaxınlarda yeni vəzifəyə təyinatını çox mühüm hesab edib.

"Əvvəllər Gürcüstanda və Ukraynada çalışmışam, milli azlıqların məsələləri ilə məşğul olmuşam, eləcə də münaqişələrin nizamlanması və vasitəçilik üzrə təcrübəyə malikəm. İndi Avropa məkanının sabitliyi üçün böyük önəm kəsb edən Qafqazın başqa hissəsində işləyəcəyəm", - o, deyib.

Öz fəaliyyət planlarından danışarkən Kosta bildirib ki, o, fevral və mart aylarında münaqişə regionunda vəziyyəti ətraflı öyrənməyi, akademik dairələrin nümayəndələri ilə, bir sıra siyasətçilər və səfirlərlə əlaqələr qurmağı planlaşdırır. Alt komitə rəsmən öz işinə apreldə başlayacaq və Azərbaycan və Ermənistan rəhbərliyi ilə ilk rəsmi əlaqələrin qurulması da o vaxta planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bir müddət əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov erməni tərəfinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətini bərpa etməsinə hər vəchlə mane olmağa çalışdığını bildirib. O deyib ki, Jordi Çukla i Kostaya Ermənistanın nümayəndələrindən başqa hamı səs verib.

Lakin ispaniyalı deputat özü Trend-ə müsahibəsində bildirib ki, ermənilərin Alt Komitənin işinin bərpasını arzu etmədiklərinin şahidi olmayıb.

Onun sözlərinə görə, Ermənistanın nümayəndə heyəti bu ideyaya şübhə ilə yanaşsalar da, ona qarşı çıxmayıblar.

"Öhdəliyim ondan ibarətdir ki, etimad atmosferinin və gələcəkdə işləməyə imkan yaradılması üçün hər iki tərəflə konstruktiv işləyim", - Kosta deyib.

Alt Komitə nümayəndələrinin Cənubi Qafqaz regionuna səfərləri planlaşdırılmır. Kostanın sözlərinə görə, regiona səfər edənədək o, vəziyyətlə bağlı tam təsəvvürə malik olmalıdır, bunun üçün Azərbaycan və Ermənistan nümayəndələri ilə işləmək tələb olunur.

"Mənim üçün regiona ilk səfərimin uğurlu olması vacibdir və bunun üçün mümkün olan hər şeyi edəcəyəm", - Kosta deyib.

Məqalənin hazırlanmasında R.Dərəxşan iştirak edib.

Xəbər lenti

Xəbər lenti