...

"Soyqırım Qaradağlı" filminin təqdimat mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2011 15:46 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahında cümə axşamı Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar "Soyqırım Qaradağlı" filminin təqdimat mərasimi keçirilib.
"Soyqırım Qaradağlı" filminin təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahında cümə axşamı Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar "Soyqırım Qaradağlı" filminin təqdimat mərasimi keçirilib.

Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbir zamanı çıxışında Qaradağlı faciəsi baş verəndən sonra uzun müddət nəinki beynəlxalq aləm, heç ölkə ictimaiyyətinin də bu hadisə ilə bağlı məlumatlandırılmadığını bildirib.

"Biz bu həqiqətləri dünyaya çatdırmalıyıq. Bu səbəbdən bu kimi filmlər ən azından ingilis dilinə tərcümə olunmalıdır", - Vəliyev bildirib.

Hərbi prokuror qeyd edib ki, tarixdən ibrət dərsi götürmək lazımdır.

Baş nazirin müavini Əli Həsənov filmin təqdimat mərasimində bildirib ki, Qaradağlı hadisəsi Xocalı soyqırımının həyata keçirilməsi üçün ermənilər tərəfindən aparılmış hazırlıq idi. "Çox təəssüflər olsun ki, ölkənin o zamankı rəhbərliyi Qaradağlı vəhşiliklərindən nəticə çıxartmadı", - Həsənov bildirib.

Baş nazirin müavini hazırlanan filmin Azərbaycan ictimaiyyəti üçün çox əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, 5-6 xarici dildə bu filmin beynəlxalq aləmin tələbatına uyğun olaraq 10-12 dəqiqəlik versiyası hazırlanacaq.

1992-ci il 17 fevral tarixində Qaradağlı kəndi qeyri-bərabər döyüşdə erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunub. İşğal zamanı 118 nəfər əsir götürülüb. Əsir götürülənlərin əksəriyyəti gənclər olmaqla, 33 nəfəri kəndin yaxınlığında "Bəylik bağı" adlanan yerdə ermənilər tərəfindən vəhşicəsinə güllələnib, öldürülənlər və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqla örtüblər. Əsir götürülənlərin 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad ediliblər. İşğal nəticəsində kənddə 200 yaşayış yeri, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və xeyli sayda digər sosial obyektlər dağıdılıb.

Xəbər lenti

Xəbər lenti