...

Xarkovda Xocalı qurbanları anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2011 13:57 (UTC +04:00)
İslam Konfransı Gənclər Forumunun (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Xarkov Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib.
Xarkovda Xocalı qurbanları anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir T.Hacıyev/

İslam Konfransı Gənclər Forumunun (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Xarkov Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib.

Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçirilən toplantıda Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Azərbaycan diasporunun fəalları, yerli televiziya və KİV nümayəndələri iştirak edib. Xarkov ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarının anım mərasiminə 1992-ci ildə döyüş bölgəsindən dinc əhalini çıxararkən Qarabağ səmasında vertolyotun ermənilər tərəfindən partladılması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə çiçəklər qoymaqla qatılıblar.

Anım mərasimində Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov çıxış edib. O, 19 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqırım siyasətinin məntiqi davamı kimi dəyərləndirib.

Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış "Xocalı soyqırımı" filminə baxıblar.

"Xocalıda baş verənlər insanlığa qarşı yönəlmiş bəşəri bir cinayətdir" deyən gürcü diasporunun sədri Zurab Kiviya, Türk Milli Birliyinin sədri İrfan Gəbəci, Xarkov vilayətinin rəsmi nümayəndələri və bir sıra xalqların diaspor rəhbərləri dünya birliyini və beynəlxalq təşkilatları bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyə çağırıblar.

Ukraynada yaşayan Azərbaycan gənclərinin "Xocalıya ədalət!" kampaniyasına qoşulduğunu bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, birliyin Xarkov vilayət təşkilatının sədri Afiyəddin Balakişiyev və digər gənclər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün güclərini səfərbər etdiklərini vurğulayıblar.

İKGF-nin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş "Xocalı ayı" fevralın sonunadək bir sıra tədbirlər və etiraz aksiyaları ilə davam edəcək.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti