...

Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar davam edir – hakim partiyanın sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2011 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir T.Hacıyev/

Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

"Bu hal Dağlıq Qarabağ problemi, xüsusilə də Xocalı soyqırımına beynəlxalq dərəcədə düzgün qiymət verilməməsində özünü göstərir", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən dəfələrlə bu cür hallara etiraz bildirilib.

"Digər tərəfdən, onu da qeyd edim ki, Azərbaycan dövləti, müxtəlif QHT-lər, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində genişmiqyaslı işlər aparılır. Dünyanın ayrı-ayrı dövlətlərində diaspor nümayəndələri bu dəhşətli faciənin həqiqətlərini çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər. Hər birimiz əldə olan imkanlardan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında bu dəhşətli faciənin tanıdılmasına nail olmalıyıq. Müvafiq müraciətlər olmalıdır, müxtəlif piketlər keçirilməlidir. Mümkün olan formalardan və vasitələrdən istifadə edilməlidir. Yorulmadan, təkcə Xocalı faciəsinin ildönümündə deyil, hər zaman bu istiqamətdə fəaliyyət göstərilməlidir. Bununla bu cinayətə hüquqi qiymət verilməsinə nail ola biləcəyik", - Əhmədov vurğulayıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Azərbaycanın hakim partiyasının gəncləri Xocalı qurbanlarının xatirəsini anıblar.

Xəbər lenti

Xəbər lenti