...

Ermənistan tərəfi danışıqlarda barışmaz mövqe tutmaqla nadir imkanı itirə bilər - Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2011 11:58 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfərini uğurla başa vurub. Rusiya, Avrasiya problemləri və beynəlxalq enerji problemi üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen (Ariel Cohen) səfəri şərh edib.
Ermənistan tərəfi danışıqlarda barışmaz mövqe tutmaqla nadir imkanı itirə bilər - Ariel Koen

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfərini uğurla başa vurub. Rusiya, Avrasiya problemləri və beynəlxalq enerji problemi üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen (Ariel Cohen) səfəri şərh edib.

"Nazir Dağlıq Qarabağ münaqişəsi tərəflərinə - Azərbaycana və Ermənistana ən fəal şəkildə kömək edən ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Klinton ərazi mübahisəsinin nizamlanması məsələsi üzrə sazişin əsas prinsiplərinin razılaşdırılmasında tərəflərə kömək etməyə çalışır", - Trend-in Ekspert Şurasının üzvü Ariel Koen bildirib.

Onun sözlərinə görə, nazir Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupuna daxil olan iki əsas dövlətin - Rusiya və Birləşmiş Ştatların xarici işlər nazirləri, eləcə də Aİ-nin rəsmi şəxsləri ilə gözəl münasibətlər qurub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Koenin sözlərinə görə, Hillari Klinton anlayır ki, 2000-ci ildə Kemp-Deviddə İsraillə sövdələşmə zamanı şansları itirən və sonradan bundan təəssüflənən Fələstin Azadlıq Təşkilatının əvvəlki rəhbəri Yasir Ərəfat kimi Ermənistan da nizamlanmaya gəlmək şansını itirə bilər.

"Klinton o zaman Birləşmiş Ştatların o zamankı prezidenti Bill Klintonla yanaşı idi. O, prezidentliyinin son günlərində İsrailin Yasir Ərəfatın tələblərinin 90 faizini yerinə yetirməsinə çalışırdı. Lakin erməni tərəfi öz tələblərinin 100 faiz yerinə yetirilməsinə nail olmağa çalışmaqla nadir imkanı itirə bilər", - Koen deyib.

Ekspert bildirib ki, iyunun sonlarında Kazanda keçiriləcək növbəti, doqquzuncu üçtərəfli görüşdə prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan əsas prinsiplər üzrə razılığa gələ bilərlər və xarici işlər naziri Elmar Məmmədyarovun səfəri Azərbaycanın ABŞ-ı hadisələr barədə məlumatlandırmaq səyləri ilə bağlı idi.

Bununla yanaşı, ekspert hesab edir ki, hazırda Rusiya iki münaqişə tərəfi arasında vicdanlı vasitəçi rolunu oynamaq üçün var gücü ilə səy göstərir. Buna prezident Medvedevin azərbaycanlı və erməni həmkarları ilə etibarlı münasibətləri kömək edir.

"Baxmayaraq ki, Rusiya Gümrüdəki hərbi bazanın icarəsinin 2044-cü ilədək uzadılması haqqında uzunmüddətli saziş imzalayıb, Ermənistanın sərhədlərinin mühafizəsini təmin edir və Yerevana böyük həcmdə ucuz və müasir silahlar sataraq Ermənistanın milli təhlükəsizliyi sahəsində praktiki olaraq "dam" rolunu oynayır", - Koen bildirib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. 1995-ci il müqaviləsinin qüvvədə olma müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən etibarən).

Xəbər lenti

Xəbər lenti