...

Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm aktlarına kəskin reaksiya verməlidir - Qənirə Paşayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 12:05 (UTC +04:00)
Beynəlxalq təşkilatlar Ermənistanın uşaqların qətlə yetirilməsi kimi vandalizm aktlarına kəskin reaksiya verməlidirlər.
Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm aktlarına kəskin reaksiya verməlidir - Qənirə Paşayeva

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq təşkilatlar Ermənistanın uşaqların qətlə yetirilməsi kimi vandalizm aktlarına kəskin reaksiya verməlidirlər. Bu fikirləri cümə günü Trend-ə millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ermənilərin törətdiyi hadisəyə münasibət bildirərkən deyib.

"Biz ermənilərin bu vandalizm aktını beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq və çatdıracağıq. Burada təbii ki, bizim millət vəkilləri ilə bərabər qeyri-hökumət təşkilatlarının və diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Biz Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cür cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə daha geniş şəkildə çatdırmalıyıq. Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi bu cür cinayətlər təəssüf ki, getdikcə artır", - Paşayeva əlavə edib.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Paşayeva bildirib ki, uşaq oyuncağının içinə partladıcı qurğunu qoyaraq su mənbəsinə axıtmaq bir vandalizm aktıdır.

"Onlar bu hərəkəti planlı şəkildə ediblər. Uşaq oyuncağının diqqəti cəlb edəcəyini, uşaqlar götürəcəyini və uşaqlar bununla oynayan zaman partlayacağını bilirdilər", - Paşayeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu, çox çirkin bir cinayət Ermənistanın elə Tovuz rayonu istiqamətində törətdiyi ilk vandalizm aktı deyil.

"Bir neçə il bundan əvvəl təxminən buna oxşar hadisə törətmişdilər. O zaman da kiçik yaşlı uşaqlar öz həyatlarını itirmişdilər. Bir neçə ay əvvəl Ağdam rayonu istiqamətində də Fariz Bədəlovun qətlə yetirilməsi kimi bir vandalizm aktı həyata keçirmişdilər. Ermənilərin uşaqlara qarşı törətdikləri vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. Biz bu məsələni qaldırmalıyıq və tələb etməliyik ki, bu məsələyə ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri reaksiya versinlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bu münaqişənin tənzimlənməsində məsul bir qurum olaraq bu məsələyə öz reaksiyalarını verməlidirlər, həmçinin beynəlxalq təşkilatlar bu məsələyə öz kəskin reaksiyalarını verməlidirlər. Çox təssüf ki, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibəti, bu cür vandalizm aktlarının qarşısının alınması istiqamətində Ermənistana təzyiq göstərməməsi nəticəsində Ermənistan hər gün bu cür vəhşi hərəkətlərini daha da artırır", - Paşayeva deyib.

O hesab edir ki, bu cür hərəkətlər bölgədə vəziyyəti daha da gərginləşdirir.

"Bu bölgədə vəziyyətin daha da gərginləşməsinin məsuliyyəti də həmin təşkilatların üzərindədir və onlar Ermənistanın bu cür hərəkətləri dayandırması üçün nəhayət ki, səslərini qaldırmalıdırlar və öz kəskin reaksiyalarını verməlidirlər", - millət vəkili qeyd edib.

Paşayeva onu da vurğulayıb ki, ATƏT-in Minsk qrupu bu cür hərəkətlərin qarşısının alınması istiqamətində Ermənistana təsir və təzyiq mexanizmlərini işə salmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti