Azərbaycan, Bakı, 18 iyul /Trend/
Ermənistan Prezidenti Serj Sarkisyan bazar ertəsi Yerevanda səfərdə olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF), Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Trend-in məlumatına görə, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti xəbər verir.
"Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin indiki mərhələsi ilə bağlı məsələləri müzakirə ediblər", - məlumatda deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.