...

Minsk qrupu Dağlıq Qarabağ ətrafındakı danışıqlarda mühüm rol oynayacaq - ABŞ Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2011 11:11 (UTC +04:00)
Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupu həmsədrliyi vasitəsilə Dağlıq Qarabağ üzrə sülh danışıqlarında Ermənistanla Azərbaycan arasında sazişin əldə olunması üçün işləməyi davam etdirəcək.
Minsk qrupu Dağlıq Qarabağ ətrafındakı danışıqlarda mühüm rol oynayacaq - ABŞ Dövlət Departamenti

ABŞ, Vaşinqton, 16 sentyabr /Trend, xüsusi müxbir M.Assanova/

Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupu həmsədrliyi vasitəsilə Dağlıq Qarabağ üzrə sülh danışıqlarında Ermənistanla Azərbaycan arasında sazişin əldə olunması üçün işləməyi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr İdarəsinin direktoru Castin Fridman cümə axşamı Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən Cənubi Qafqazda müstəqilliyin əldə olunmasının 20 illiyinə həsr olunmuş konfransda deyib.

Fridman bildirib ki, ABŞ, həmçinin Ermənistanla Türkiyə arasında barışıq prosesini və Gürcüstanın suverenliyini dəstəkləməyi davam etdirəcək.

O deyib ki, ABŞ Administrasiyası Cənubi Qafqazın hər üç dövlətinin suverenliyinin irəliləməsi siyasətini davam etdirir ki, onlar sülh şəraitində yaşasınlar, öz iqtisadi potensiallarını inkişaf etdirsinlər, demokratik idarəetmə sistemi qursunlar və öz vətəndaşlarının azadlıqlarını və şəxsi azadlıqlarını müdafiə etsinlər.

"Regionda üç dövlətin - Rusiya, İran və Türkiyənin maraqları toqquşur. Onların Cənubi Qafqazda müxtəlif, bir-birinə zidd maraqları var", - Fridman qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz kəmərlərinin tikilməsi siyasi müstəqilliyin dəstəklənməsi üçün iqtisadi müstəqilliyə gətirib çıxarıb.

O, həmçinin regionda əldə olunan uğurları, habelə Gürcüstanın korrupsiyaya uğramış dövlətdən şəffaf idarəetmə və qanunun aliliyi olan ölkəyə çevrildiyini də qeyd edib.

"İqtisadi inkişaf və demokratik institutların gələcəkdə dəstəklənməsi Cənubi Qafqaz ölkələrinə daha sabit olmağa və təhlükəsizlik sahəsində ən vacib problemlərini həll etməyə imkan verəcək", - Fridman çıxışını bitirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti