...

Bahar Muradova: Minsk qrupuna üzv olan 10-dan artıq ölkə Dağlıq Qarabağ probleminin həlli prosesinə aktiv qoşulmaq istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2011 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupuna üzv olan 10-dan artıq ölkə Dağlıq Qarabağ probleminin həlli prosesinə aktiv qoşulmaq istəyir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Azərbaycan bu çərçivənin genişlənməsinin və həmin ölkələrin prosesə cəlbinin tərəfdarıdır", - Muradova deyib.

Fransanın həmsədr ölkə qismindən çıxarılması ilə bağlı fikirlərə münasibət bildirərkən vitse-spiker qeyd edib ki, yaxın zamanlarda belə bir dəyişikliyin olacağını düşünmür.

Muradova hesab edir ki, hər hansı bir dəyişiklik ümumilikdə prosesi geri salacaq.

"Ona görə də Avropa İttifaqının və digər beynəlxalq təşkilatların prosesə təsir göstərmək imkanı varsa, bunu Fransanın iştirakı ilə də edə bilərlər. Onun əvəzlənməsi vacib deyil", - vitse-spiker deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində üç həmsədr ölkə müəyyən təcrübə əldə edib. "Məsələ ilə tanış olmayan tərəfin həmsədrlərdən biri ilə əvəzlənməsi müəyyən problemlər yarada bilər", - Muradova əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti