...

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazırdırlar - ATƏT-in bəyanatı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 17:42 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazırdırlar
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazırdırlar - ATƏT-in bəyanatı (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:09-da yayılıb)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Tariverdiyava/

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Vilnüsdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işləri Edvard Nalbandyan birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olunmasının vacibliyini təsdiq ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı təşkilatın saytı məlumat verir.

Bəyanatda qeyd edilir ki, 2008-ci ilin noyabrında Moskva bəyannaməsində, eləcə də ATƏT ölkələrinin nazirləri səviyyəsində Şuranın Helsinki (2008) və Afina (2009) iclaslarında və ATƏT-in Astana (2010) sammitindəki bəyanatlarda nümayəndə heyətlərinin başçıları danışıqlar prosesinin ATƏT-in Minsk qrupu formatında davam etdirilməsi zəruriliyi ilə razılaşıblar. Elə orada sülh yolu ilə nizamlama istiqamətində irəliləyişin təmin edilməsi üçün ab-havanın yaxşılaşdırılmasının vacibliyi vurğulanıb. Bu istiqamətdəki addımlardan biri qismində tərəflər razılığa gəliblər ki, gələcək səylər atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmi üzərində işə yönəldilməlidir. Bu mexanizmin yaradılmasının vacibliyi prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin 2011-ci ilin martında Soçidə birgə bəyanatında qeyd edilib.

Birgə bəyanatda o da vurğulanıb ki, prezidentlərin 2011-ci ilin mayında Dovildəki bəyanatı Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının baza prinsipləri üzərində işi başa çatdırmaq çağırışından ibarət olub. Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları təəssüflə bildiriblər ki, tərəflər bu qətiyyətli addımı atmaq iqtidarında olmayıblar.

Nümayəndə heyətlərinin başçıları təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yollu həllini görmürlər və BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri, eləcə də prezidentlərin 2009-cu ilin iyulundə Akvildə və 2010-cu ilin iyununda Muskokda birgə bəyanatları sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qəbuledilməyən status-kvo çərçivəsindən çıxmaq məqsədilə bütün tərəflərə həll yolları təqdim edir. 2007-ci ildən aparılan intensiv danışıqlar fonunda Madriddə ATƏT-in Nazirlər Şurası ilə üç nümayəndə heyətinin başçısı tərəfləri təkidlə həmsədr ölkələrin onlara təqdim etdiyi təklifə baxmaqda davam etməyə çağırıb.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədr ölkələrin səylərinə görə, o cümlədən, hərtərəfli sülh nizamlanması üçün əsasların əldə edilməsində tərəflərə kömək göstərilməsində prezidentlər Dmitri Medvedev, Baraka Obama və Nikola Sarkozinin şəxsən iştiraklarına görə öz minnətdarlıqlarını bildiriblər. Onlar həmsədr ölkələrin başçılarını məlumatlandırıblar ki, prezidentlər həmsədr ölkələrin himayəsi altında yaxın müddətdə bir daha birgə görüşməyə hazırdırlar. Burada məqsəd iki xalq üçün sülh, sabitlik və çiçəklənmə gətirəcək son illərin təcrübəsinə söykənərək birbaşa dialoqu davam etdirməkdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti