...

Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2011 01:51 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev əmindir ki, postsovet məkanında həll edilən yeganə münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə inanır

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev əmindir ki, postsovet məkanında həll edilən yeganə münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

"Yalnız bir yol var - razılaşmaq, çünki razılığa alternativ yoxdur. Yalnız pis alternativ var - müharibə", - Medvedev AzTV telekanalına müsahibəsində münaqişənin həlli yolları və perspektivləri haqqında suala cavab verərkən bildirib.

"Mənim cavabım belədir: son bir neçə il ərzində tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün çox şey edilib. Sözsüz ki, razılaşmaq üçün perspektivlər var", - Rusiyanın dövlət başçısı deyib.

"Mənim fikrimcə, bu, postsovet məkanında nizama salınması mümkün olan yeganə münaqişə ola bilər. Hər şey tərəflərin xoş məramından, onların bir-birinin arqumentlərini eşitmək imkanından və istəyindən asılıdır. Açıq deyək, sadə həllər olmur", - Medvedev vurğulayıb.

Onun sözlərinə görə, yalnız kompromis əsasında razılaşmaq olar. Yəni hər tərəf öz yolunu keçməlidir, Rusiya buna imkan yaradacaq.

Medvedev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin nəticələri münasibətilə onu təbrik etmək üçün zəng vuranda bu barədə danışıblar.

Medvedevin vasitəçiliyi ilə son bir neçə il ərzində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda səkkiz görüş keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti