Azərbaycan, Bakı, 25 fevral / Trend /
Fevralın 24-də Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Hacettepe Universiteti ilə birgə geniştərkibli xatirə tədbiri təşkil edib.
Səfirliyin mətbuat katibi Elsevər Salmanov Trend-ə bildirib ki, tədbirdə Səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Hacettepe Universitetinin Rektoru Prof. Dr. Murat Tuncer başda olmaqla universitetin müəllim və tələbə kollektivi ilə yanaşı çox sayda elm adamı, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.
Tədbir Xocalı Soyqırımı ilə bağlı müfəssəl sənədli filmin nümayişi ilə başlayıb.
Ardından, Xocalı Soyqırımı ilə bağlı bir birindən maraqlı çıxışlar olub. Belə ki, ilk olaraq universitetin doktorantı Tevfik Orkun Develi Xocalı Soyqırımını Beynəlxalq Hüquq nöqtei nəzərdən tədqiq edərək tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb; İzmirin Dokuz Eylül Universitetinin doktorantı Cavid Əliyev qeyd olunan faciə ilə bağlı geniş nitq söyləyib; Hacettepe Universitetinin Rektoru Prof. Dr. Murat Tuncer Xocalı Soyqırımının bəşəriyyət tarixinin ən ağır cinayətlərindən biri olduğunu dilə gətirib; Universitetin Tarix Fakültəsinin Dekanı Prof. Dr. Mehmet Öz ermənilərin regionumuzda son iki əsr ərzində törətdiyi vəhşiliklərdən əsaslar gətirərək bəhs edib; Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Necdet Ünüvar Xocalı Faciəsi ilə bağlı sənədli filmdən sonra artıq sözün bitdiyi yerdə olduğumuzu dilə gətirib; millət vəkili Qənirə Paşayeva isə ermənilərin etnik siyasi amallarından, eləcə də regionda son 3 əsrdə baş verən proseslərdən söz açaraq, Azərbaycan və Türkiyənin üzərinə düşən vəzifələrdən ətraflı şəkildə əsaslar gətirərək bəhs edib.
Səfir Faiq Bağırov öz çıxışında, Xocalı Soyqırımının mahiyyətinin erməni millətçiliyinin mahiyyətinin bir nəticəsi olduğunu, bu soyqırımı törədənlərin hələ də cəzalandırılmadığını, ədalət öz yerini tapana dək bizim bu vəzifəni həyatımızın mənası hesab etməyimizin vacibliyini və ölkəmizin haqlı mövqeyindən ətraflı şəkildə söz açıb.
Ardından Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Xocalı Soyqırımı ilə bağlı hazırladıqları teatr əsəri nümayiş etdirilib.
Tədbir zamanı Xocalıya Ədalət beynəlxalq imza kampaniyasına davam olunub, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra Xocalı Soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.