...

Ermənilərin Kəlbəcərin Ağdaban kəndində soyqırım törətməsinin 20 illiyi ilə bağlı tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2012 16:46 (UTC +04:00)
Ermənistan silahlıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndinin soyqırıma məruz qalmasının 20 illiyi ilə bağlı tədbir keçirilib.
Ermənilərin Kəlbəcərin Ağdaban kəndində soyqırım törətməsinin 20 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Mətbuat Mərkəzində şənbə günü Ermənistan silahlıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndinin soyqırıma məruz qalmasının 20 illiyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə Ağdabanda qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra soyqırımla bağlı "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin hazırladığı "Ağdaban faciəsi: sındırılmış sazın fəryadı" adlı 40 dəqiqəlik sənədli filmin təqdimatı olub. Təqdimatda filmin ideya müəllifi Fəzail Ağamalı faciənin tarixi və filmin çəkilişi barədə məlumat verib.

Daha sonra çıxış edən Ağdaban sakini, Aşıq Şəmşirin nəvəsi, millət vəkili Cavid Qurbanov faciə ilə bağlı xatirələrini danışaraq deyib ki, çox təəssüflər olsun ki, bununla bağlı indiyə qədər cinayət işi qaldırılmayıb. "Mən heç kimə ağıl vermək niyyətində deyiləm, amma bu faciəyə 20 ildir hüquqi münasibət bildirilməyib. Biz çalışmalıyıq ki, keçmişimizi unutmayaq", - Qurbanov vurğulayıb.

Tədbirdə, o cümlədən təqdim olunan filmdə də faciə ilə bağlı faktlar açıqlanıb. Belə ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, insanlara işgəncələr verilib, 33 sakin qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarətləri yetirilib. Ermənilər şair Ağdabanlı Qurbanın və Aşıq Şəmşirin əlyazmalarını məhv ediblər.

Tədbirdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Jalə Əliyeva və bir sıra ictimai xadimlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti