...

Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarkisyan xalqını, beynəlxalq qurumları xəcalət hissi çəkmədən aldatmağa çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 11:59 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib.
Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarkisyan xalqını, beynəlxalq qurumları xəcalət hissi çəkmədən aldatmağa çalışır

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib.

"Yalan Ermənistanda dövlətin başında kök salıb. Ölkənin idarə edilməsi yalan və uydurmalara əsaslanır. Daxili vəziyyətin gərginliyi də məhz buna əsaslanır. Əhalinin vaxtaşırı məlumatlandırılmaması, itkilər və uğursuzluqlar barədə faktların gizlədilməsi etirazları bir qədər də gücləndirib. Bunu ölkənin informasiya vasitələrində dərc olunan fasiləsiz dezinformasiyaların mahiyyətindən aydın görmək olar. Öncə qeyd etdiyimiz kimi, bu yalanların istehsalı məsələsinə artıq Ermənistan Prezidenti Serj Sərkisyanın özü qoşulub, necə deyərlər, kampaniyanın başında özü dayanır", - Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında MN-in mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə, Sarkisyan həm öz xalqını, həm də beynəlxalq qurumları xəcalət hissi çəkmədən aldatmağa çalışır.

"Görünür, çarəsi yoxdur. Ona görə də bu cür utandırıcı işlərə əl atır. Ölkədəki bütün iqtisadi mexanizmlər, sosial münasibətlər alt-üst olub. NATO-nun Çikaqo Sammitində Azərbaycanın əldə etdiyi yüksək nəticə və Ermənistanın son hərbi uğursuzluqları ölkədə hansı vəziyyətin tüğyan etdiyini təsəvvür etməyə imkan yaradır. Serj Sarkisyanın işğalçı maskası, demək olar, tamamilə yırtılıb", - Sabiroğlu əlavə edib.

Onun sözlərinə görə, Sarkisyanın tipajını səciyyələndirən başlıca amillər içərisində cinayətkar və uşaq qatili olduğu da xüsusilə diqqəti cəlb edir.

"Bütün bəşəriyyətə də onun bu siması məlumdur. Xocalı faciəsinin törədilməsində, körpə uşaqların, hamilə qadınların qətlə yetirilməsində bu cinayətkar prezidentin birbaşa rolu vardır. Ötən il mart ayının 8-də öldürülən 9 yaşlı Fazil Bədəlovun qanı da Sarkisyanın üzərindədir. Bu uşaq əlində silah tutmamışdı, müharibənin də nə demək olduğunu tam anlamırdı. Küçədə oynadığı zaman erməni snayperinin açdığı atəş nəticəsində həlak oldu. Onun və neçə-neçə belələrinin günahı nə idi? Serj Sarkisyan və ətrafı bu cür günahsız körpələrin ölümünün baiskarıdır. Vaxt heç də uzaqda deyil, uşaq qatilləri bütün bunların cavabını mütləq verəcəklər. İşğalçı Sarkisyan bunu qətiyən unutmamalıdır. Onun hümanizmdən, insanlıq hislərindən danışmağa haqqı yoxdur. Ancaq çox yüngül formada desəm, heç bir məsuliyyət hissi saxlamadan həm öz ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara yalan məlumatlar sırımaqla məşğuldur. Guya ki, cəbhədə gərgin vəziyyətin günahını Azərbaycan tərəf daşıyır. Bunlar hamısı Ermənistanın siyasi və hərbi rəhbərliyinin öz cinayət əməllərini gizlətməsindən başqa bir şey deyil", - Sabiroğlu bildirib.

Xəbər lenti

Xəbər lenti