...

Mübariz Əhmədoğlu: ATƏT-in Minsk qrupu formatının ləğvi münaqişənin tənzimlənməsini sürətləndirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2012 14:15 (UTC +04:00)
Mövcud vəziyyətdən çıxan ən mühüm nəticə ATƏT-in Minsk Qrupunun formatının ləğv edilməsidir.
Mübariz Əhmədoğlu: ATƏT-in Minsk qrupu formatının ləğvi münaqişənin tənzimlənməsini sürətləndirəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mövcud vəziyyətdən çıxan ən mühüm nəticə ATƏT-in Minsk qrupunun formatının ləğv edilməsidir. Minsk qrupu konsensus prinsipi ilə işlədiyi üçün ermənilərin maraqlarına uyğun hərəkət etməyə məcbur idi. Trend-in məlumatına görə, bunu cümə axşamı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Əhmədoğlu hesab edir ki, ermənilər bunu bilərək real tənzimləmə ilə deyil, danışıq imitasiyası ilə məşğul idilər. 20 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində heç bir irəliləyiş əldə edə bilməmələri indiki vəziyyətin əsas səbəblərindəndir.

"Bəzi prinsipial məqamlarda ATƏT-in Minsk qrupu öz mövqeyini ortalığa qoya bilmədi, özünün apardığı monitorinq zamanı məskunlaşma faktları ona bəlli olduğu halda, faktları ört-basdır etməyə çalışmışdı, Laçında və Zəngilanda Suriya ermənilərinin yerləşdirilməsi faktlarını bildiyi halda, bunu görməməzliyə vurdu, beynəlxalq hüquqa söykənməyən tezislər ortalığa qoymaqla ölkə ictimaiyyətləri arasında etimada zərbə vurdu, Ermənistan prezidentinin diktəsi ilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun yaranmasına imkan vermədi", - politoloq qeyd edib.

O deyib ki, Ermənistanda danışıqların dayandırılması, Ermənistanın ATƏT-in Minsk qrupundan çıxması ilə bağlı səslənən fikirlərin sayı artır. Ermənistan parlamentinin Ramil Səfərovun ekstradisiyası ilə bağlı qəbul etdiyi qərarın 3-cü maddəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasının qeyri-mümkünlüyünü təsbit edir.

"Bu, Ermənistanın rəsmən Dağlıq Qarabağın statusunun müəyyən olunmasına müdaxiləsidir. ATƏT Minsk qrupunun mandatı statusun müəyyən olunmasına dair rəsmi mövqeyi qəbul etmir. Ermənistan parlamentinin bu qərarı Ermənistanın rəsmən Minsk qrupu formatından imtinası kimi başa düşülməlidir. Konsensus səsvermə mexanizmi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu vasitəçilik formatının ləğvi münaqişənin tənzimlənməsini sürətləndirəcək", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti