Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.İsmayılov/
Latviya Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun təklifləri çərçivəsində sülh yolu ilə nizamlanmasına ümid edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Latviyanın Baş naziri Valdis Dombrovskis deyib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun təklifləri çərçivəsində sülh yolu ilə nizamlanmasına ümid və təkid edirik", - Dombrovskis qeyd edib.
Latviyanın Baş naziri bu gün Azərbaycan-Latviya biznes forumunda iştirak edən 80-ə yaxın sahibkardan ibarət geniştərkibli nümayəndə heyətinə başçılıq edir.
Dombrovskis forumda qeyd edib ki, Azərbaycan və Latviya arasında siyasi dialoq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına da kömək edir. Baş nazirin noyabrın 30-dək davam edəcək səfərinin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb edilməsidir.