Azərbaycan, Bakı, 11 mart /Trend/
Xorvatiya Prezidenti İvo Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarının tətbiqi ilə həllinin tərəfdarıdır.
"Həm Azərbaycan, həm Xorvatiya ciddi problemlərin mövcud olduğu regionda yerləşirlər. Hər iki dövlət həm Qafqazda, həm də Xorvatiyanın cənub-şərqində sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Xorvatiya Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Biz beynəlxalq hüquq normalarının tətbiqinin və sülh yolu ilə həllin tərəfdarıyıq. Buna görə biz konstruktiv olmağa səylər göstəririk, biz dialoq, kompromis və regional əməkdaşlıq tərəfdarıyıq. Bu cür yanaşma ilə biz vəziyyətin gələcəkdə daha da sabitləşməsinə töhfəmizi vermək istəyirik", Trend-in məlumatına görə, bunu martın 11-də Zaqreb Bəyannaməsinin imzalanma mərasimindən sonra Xorvatiya Prezidenti İvo Yosipoviç mətbuata bəyanatında deyib.
İvo Yosipoviç bildirib ki, Avropa İttifaqının genişləndirilməsi prosesi Xorvatiya üçün çox vacibdir.
"Biz qonşularımızı hərtərəfli dəstəkləyirik. Biz, həmçinin Azərbaycanı mühüm dost, tərəfdaş və Xorvatiyanın daha yaxından əməkdaşlıq etmək istədiyi ölkə kimi görürük. Bu gün biz prezidentlərin bəyannaməsinə imza atdıq ki, bu da dövlətlərimiz arasında gözəl münasibətlərin
olmasından xəbər verir. Biz xüsusən iqtisadi münasibətlərimizin daha da gücləndirilməsinə dair istəyimizi ifadə etdik. Bunun üçün böyük potensial mövcuddur. Hər iki tərəf bu məsələdə maraqlıdır və iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı perspektivlər vardır.
Bu baxımdan enerji, infrastruktur layihələri, turizm və kənd təsərrüfatı sahəsində imkanlar mövcuddur. Bununla bərabər, elm, təhsil kimi digər sahələr də vardır. Bizim hökumətlərimiz arasında bu gün imzalanacaq razılaşmalar və memorandum bəyannamənin praktiki həyata
keçirilməsinin göstəriciləridir. Bu münasibətlə də Sizi təbrik edirəm", deyə Xorvatiya Prezident bildirib.
Prezidentin sözlərinə görə, eyni zamanda, Xorvatiyanın öz daimi diplomatik nümayəndəliyini Bakıda açması olduqca vacibdir ki, bu da hər iki ölkənin şirkətlərinin uğurlu fəaliyyətinə bilavasitə təsir edəcəkdir.
"Çox şadam ki, Prezident Əliyevin və mənim Azərbaycanda işləməkdə maraqlı olan xorvat iş adamları ilə görüşmək imkanımız olacaqdır. Prezident Əliyevi Azərbaycanın biznes icmasının nümayəndələri müşayiət edirlər və inanıram ki, bu görüş iqtisadi əməkdaşlığımızı möhkəmləndirmək üçün yaxşı imkandır. Bütün bu şirkətlərin üstünlük verdikləri sahələr, səlahiyyətləri, müvafiq beynəlxalq təcrübəsi və mühüm biznes uğurları vardır. İmzalanan sazişlər çox vacibdir. Xüsusilə, iqtisadi əməkdaşlığa dair sazişi vurğulamaq istərdim. Eyni zamanda, bir sıra sazişlər imzalanıb ki, onlar da bizim vətəndaşlarımız arasında daha sıx və möhkəm əlaqələr yaradacaq və bir-birimizi daha da yaxından tanımağa kömək edəcəkdir", deyə İvo Yosipoviç bildirib.