Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/
Ukraynanın ATƏT-ə sədrliyi dövründə Rusiyanın Cənubi Qafqazda yaratdığı riskin azaldılması istiqamətində fəaliyyət göstərməsi indi zəruridir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukrayna Azərbaycandan Rusiya ilə qaz probleminin həllində yardım istəyir. Azərbaycanın qaz məsələsində Ukraynaya yardım etməsi Rusiyanın Azərbaycan istiqamətindəki siyasətini daha da sərtləşdirəcək.
"Bu sərtləşmə daha çox ermənilər vasitəsilə reallaşdırılacaqdır. Ukrayna çox gözəl bilir ki, Dnestryanı münaqişə Rusiyanın əlində hansı qaydada istifadə olunur. Bunu bilən Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivliyini hədsiz artırmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində dönüşə nail ola bilər", - Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Dnestryanı bölgədə Rusiyanın 2013-cü il siyasətinin əsas hədəflərindən biri də ATƏT sədri kimi Ukraynanın imicinə zərbə vurmaqdır.
Əhmədoğlu hesab edir ki, Qarabağ münaqişəsi ətrafında vəziyyəti gərginləşdirməklə Rusiya Ukraynanın Azərbaycandan qaz almasına imkan verməyəcək.
"Ona görə Ukraynanın Dağlıq Qarabağ tənzimlənməsi ilə aktiv məşğul olması həm də Ukraynanın özü üçün zərurətə çevrilir. Rəsmi Kiyev istəsə, Dağlıq Qarabağ tənzimləməsində uğur əldə edə bilər. Bizim tədqiqatımıza görə, dünyanın digər dövlətlərində erməni diasporunun zəifləməsinə fonunda Ukraynadakı erməni diasporu xeyli güclüdür", - politoloq deyib.
Onun fikrincə, Ermənistanın bütün dünyada antiazərbaycan siyasətini reallaşdırılması Ukraynadakı erməni diasporunun səlahiyyətindədir. Rəsmi Kiyev Ukraynadakı ermənilər vasitəsilə Ermənistanın Dağlıq Qarabağ siyasətinə təsir edə bilər.
"Dağlıq Qarabağ tənzimləməsində Ukraynanın ən böyük əhəmiyyəti "Dağlıq Qarabağın tut arağından kimyəvi asılılığa düşmüş ATƏT Minsk qrupunun həmsədrliyini" struktur kimi ləğv etməsi olardı. ATƏT-in Minsk qrupu və ümumiyyətlə ATƏT Dağlıq Qarabağ münaqişəsi istiqamətində fəaliyyətini dayandıran kimi Dağlıq Qarabağ münaqişəsi həllini tapacaqdır", - politoloq deyib.