Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/
Kəlbəcər rayonun ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar məcburi köçkün rabitəçilərlə görüş keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən komitənin sədri Seymur Orucov Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün rabitəçilərlə görüşüb.
Erməni təcavüzü nəticəsində işğal olunmuş Kəlbəcər rayonun 20-ci ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə yüzdən çox məcburi köçkün rabitəçi iştirak edib.
Tədbir Gəncə Telekomunikasiya Qovşağında keçirilib, rabitəçilərə maddi yardımlar edilib.
Orucov görüş zamanı çıxışında Azərbaycanda çox güclü sosial siyasət aparıldığını bildirib.
"Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanıb ki, bunlar da hər il sizlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu nəticələrin əldə olunması deməkdir", - Orucov deyib.
Sədr həmçinin vurğulayıb ki, son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrələrini verir.
"Artıq bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətdir. Biz inanırıq ki, tezliklə torpaqlarımızı erməni təcavözkarlarının işğalından azad edəcəyik", - Orucov vurğulayıb.
Görüşdə çıxış edən rabitəçilər dövlətin onlara göstərdiyi qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.