Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dünyaya çatdırılması məqsədilə kampaniyaya başlayıb.
Şuradan Trend-ə verilən məlumata görə, şuranın sədri, millət vəkili Azay Quliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçirilən forumunda türkiyəli həmkarlarından və bütövlükdə iştirakçı ölkələrdən şuranın başladığı "Şuşaya azadlıq!" kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb. Quliyev bu kimi tədbirlərin yalnız Şuşanın və digər zəbt edilmiş torpaqlarımızın işğal günlərində deyil, torpaqlarımız azad olunana qədər, hər gün, hər ay mütəşəkkilliklə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Kampaniyaya daha bir dəstək Londondan gəlib. Hazırda orada olan "qhtxeber.az"ın redaktoru Sənan Nəcəfov bu kampaniyaya beynəlxalq dəstəyi genişləndirmək üçün aksiya keçiriləcəyini bildirib. Sənan Nəcəfov açıqlamasında deyib: "Mənimlə barabər burada müxtəlif ölkələri təmsil edən 1000-dən çox tələbə təhsil alır. "Şuşaya azadlıq!" kampaniyası çərçivəsində "Şuşanı 1 dəqiqəlik sükutla yad edək" aksiyasının keçirilməsini qərar aldıq. Sabah təhsil aldığım kollecdə tələbə yoldaşlarım milli mədəniyyətimizin beşiyi olan Şuşanın işğalı nəticəsində həlak olmuş dinc sakinlərin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Sayğı duruşundan sonra tələbələrə Şuşa haqqında qısa informasiya veriləcək. Bununla bağlı artıq kollec rəhbərliyindən ümumi razılıq alınıb".
Nəcəfovun sözlərinə görə, İtaliya, Almaniya, İspaniya, Rusiya, Koreya, Yaponiya, İordaniya, Braziliyadan olan onlarla tələbə sabah Facebook statuslarında "Şuşanı 1 dəqiqəlik sükutla anaq!" şüarını yaymaqla aksiyaya dəstək olacaqlar.