Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/
Ermənistan işğalçılıq siyasətinə son qoymayanadək, onun hər hansı regional layihədə iştirakı mümkün deyil. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev şənbə günü Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki. öz işğalçılıq siyasəti nəticəsində Ermənistan regional layihələrdən kənarda qalır: "Buna görə də ölkə siyasi, sosial-iqtisadi və demoqrafik uçuruma yuvarlanır".
Mustafayev bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun qonşu ölkələrə olan ərazi iddiaları regional əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr yaradır. Bu siyasətin nəticəsi olaraq, Ermənistan bütün regional layihələrdən kənarda qalır.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmayanadək Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq: "Azərbaycanın problemi bizim problemimiz, Azərbaycanın sevinci bizim sevincimizdir".