...

Baş nazirin müavini: Serj Sarkisyanın Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı açıqlaması erməni hiyləgərliyidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2013 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İzzət/

Köçəryan-Sarkisyan rejimi yaxşı bilir ki, Qarabağ probleminin həllində hansısa müsbət addım atılarsa, bu, onların hakimiyyətinin sonu olacaq. Trend xəbər verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavininin fikrincə, Ermənistan müstəqil olmayanadək, onun himayədarları tərəfindən işğal faktı uzadılacaq. Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər və hakimiyyətlərini də bu münaqişənin üzərində saxlayırlar.

Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamasına da şərh verib. Onun fikrincə, Sarkisyan İlham Əliyevlə bağlı verdiyi bəyanatla özünə xal qazanmaq istəyir: "Hesab edirəm ki, Sarkisyan əksinə, İlham Əliyev kartından istifadə edərək, Ermənistan vətəndaşlarının etimadını qazanmaq istəyir. Çünki erməni xalqı da, siyasətçiləri də İlham Əliyevin son illər gördüyü işləri artıq dilə gətirilər, qiymətləndirirlər, öz hakimiyyətlərinə qarşı istifadə edirlər. Onlar deyirlər ki, nə üçün Azərbaycanın inkişafı qarşılığında, Ermənistan geriləyir. Sarkisyan bu kartdan istifadə edir. Bu, erməni hiyləgərliyidir, xislətidir".

Baş nazirin müavini onu da qeyd edib ki, münaqişənin həllində ədalətsizlik hökm sürür. Bu mənada o, işğalçılara himayədarlıq edən bəzi beynəlxalq qurumları tənqid edib:

"Çox maraqlı haldır ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur, dəstəklənir. Ermənistanı isə narahat edən yoxdur. Ancaq beynəlxalq təşkilatların verdiyi qərarları icra edən, öz xalqının mənafeyi üçün çalışan, ölkəsinin güzəranını gündən-günə yaxşılaşdıran dövlət və Prezidentə isə bu dəstək verilmir. Yəni işğalçı dəstəklənir, işğala məruz qalana isə kömək edilmir. Dünyanın bu cür ədalətsizliklərini görürük".

Baş nazirin müavini Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də münasibət bildirərək Rusiyanın dövlət başçısının Azərbaycan Prezidentinin, dövlətinin gördüyü işləri yüksək qiymətləndirməsini müsbət hal kimi dəyərləndirib: "Bilirsiniz, ümummilli lider Heydər Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Hesab edirik ki, bu gün də belədir. Güman və ümid edirik ki, Vladimir Putin Azərbaycandakı inkişafı, burada rus xalqına olan müsbət münasibəti, bütövlükdə Azərbaycan xalqının Rusiyaya münasibətini öz gözləri ilə gördükdən sonra müəyyən dəyişikliklər baş verəcək və bu proses aktivləşəcək və nəhayət, bu problemin həlli istiqamətinə yönəldiləcək. Biz birmənalı olaraq bilirik ki, bu problemi həll etsə, Azərbaycan Prezidenti həll edəcək. Hesab edirik ki, Prezident Azərbaycanın inkişafına necə nail oldusa, münaqişənin həllinə də mütləq nail olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti