...

Politoloq: İlham Əliyevin yenidən Prezident seçilməsi tarixi torpaqlarımızın geri alınması uğrunda siyasi mübarizənin daha qətiyyətlə davamı deməkdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2013 12:40 (UTC +04:00)
İlham Əliyevin yenidən Prezident seçilməsi tarixi torpaqlarımızı Ermənistandan almaq uğrunda siyasi mübarizənin daha qətiyyətlə davam etdirilməsi deməkdir.
Politoloq: İlham Əliyevin yenidən Prezident seçilməsi tarixi torpaqlarımızın geri alınması uğrunda siyasi mübarizənin daha qətiyyətlə davamı deməkdir

Azərbaycan, Bakı, 17 oktyabr / Trend, müxbir M.Əliyev/

İlham Əliyevin yenidən Prezident seçilməsi tarixi torpaqlarımızı Ermənistandan almaq uğrunda siyasi mübarizənin daha qətiyyətlə davam etdirilməsi deməkdir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloq deyib ki, ötən 5 ildə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli və müasir Ermənistanın qədim Azərbaycan torpaqları olması barədə fikirləri beynəlxalq aləmə təqdim edildi: "Azərbaycanın silahlanması beynəlxalq aləmdə narazılıq yaratmır. Ermənistanın indiki düşdüyü vəziyyətdə İlham Əliyevin ötən 5 ildə apardığı siyasətin böyük rolu var. Bu siyasət də davam edəcək. Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başlanması çox ehtimal olunandır".

M.Əhmədoğlu, həmçinin deyib ki, lakin Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları prizmasından həlli Azərbaycanla Ermənistan arasında bütün problemlərin həll olunması anlamına gəlməməlidir: "İndiki parametrli Ermənistan həmişə müxtəlif iri qüvvələrin əlində region dövlətlərinə, xüsusilə Azərbaycana qarşı alət olub. Ermənistan məsələsinin həlli ermənilərin başqa qüvvələrin əlində alət olmaq imkanından məhrum edilməsi deməkdir. Müstəqil Azərbaycan son 10 ildə xüsusi inkişaf yoluna qədəm qoyub, çoxlu təhdidləri aradan qaldırıb. Ermənistan dövlətinin indiki strukturu, erməni siyasətçilərinin düşüncə tərzi müstəqil Azərbaycanın gələcək inkişafı üçün ən böyük təhdiddir. Bu təhdid aradan qaldırılmalıdır. Ermənistan ya yenidən strukturlaşmalı və ya bu regiondan itməlidir. Yenidən seçilən İ.Əliyevin əvvəlki illərdə apardığı siyasət bu təhdidin aradan qaldırılacağına inanmağa tam əsas verir".

Politoloq, həmçinin qeyd edib ki, Azərbaycan müxalifətinin rəhbərləri Qarabağ testindən keçə bilmədilər: "2013-cü il prezident seçkilərinin acınacaqlı nəticəsi budur. Özünü Azərbaycanın müxalifət düşərgəsinin kapitanı hesab edənlər Dağlıq Qarabağ məsələsində ciddi qüsurlara yol verdilər. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırdı. R.İbrahimbəyovun bu mövqeyi Rusiyanın regionda yazdığı tarixi şübhə altına almaq demək idi. Çar Rusiyasının İranda səfiri olmuş Qriboyedov ermənilərin İrandan köçürülməsinin çox dəqiq hesabatını hazırlayıb. R.İbrahimbəyov dostu, əslən Qarabağdan olan, Ukraynada yaşayan kinorejissor Roman Balayanın onunla birlikdə danışdıqlarının məzmunu barədə açıqlananlara da reaksiya verməyib. Maraqlıdır ki, R.İbrahimbəyov Cəmil Həsənliyə təkcə Milli Şuranın sədrliyini deyil, həm də Dağlıq Qarabağı "mübahisəli ərazi" hesab etmək haqqında tezisini də ötürdü. Dağlıq Qarabağ münaqişəsi haqqında dərin tarixi biliklərə, aydın və müfəssəl mövqeyə malik olan Cəmil Həsənli də Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırdı".

Mərkəz direktoru bildirib ki, vaxtilə hakim elitanın mühüm motorlarından biri olan Rəsul Quliyev hakimiyyətə gəlmək naminə Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyini nəzərə alacağını bildirdi: "Hakim elitanın keçmiş üzvü özünün, vətənin mövqeyini unutdu: onun RF Xarici İşlər Nazirliyinə yazığı məktub bunun əyani sübutudur. "Qarabağı verək, hakimiyyətə gələk, sonra baxarıq" fikri müstəqil Azərbaycanın tarixində təkcə şəxsi məğlubiyyət deyil, dövlətçiliyin məğlubiyyətinin açarı olub. Dünya praktikasında indi də belədir. Həmid Kərzay ABŞ-ı ölkəsinin milli maraqlarına şərik etmək şərtilə hakimiyyətə gəldi. Əfqanıstan indi daha ağır durumdadır. H.Kərzay ABŞ hökumətindən narazıdır. ABŞ hökuməti onu nəzərə almadan "Taliban" və "əl-Qaidə" ilə danışıqlar aparır. Region dövlətləri ehtiyat variant kimi Əfqanıstanın parçalanmasına hazırlaşırlar. Azərbaycan müxalifətinin Qarabağı qurban etməklə bağlı mövqeləri İ.Əliyevə əlavə dividend gətirəcək".

Eyni zamanda politoloq vurğulayıb ki, Ermənistan üçün yeganə həyati zəruri məsələ Azərbaycan torpaqlarını işğaldan azad etməkdir: "Bundan başqa atılan bütün addımlar effektsizdir. Rəsmi Yerevanın apardığı siyasət həm MDB məkanında, həm Qərbdə, həm də müsəlman şərqində ermənilərin nüfuzuna ciddi zərbə vurub, tarixinə şübhə yaradıb. Lakin vaxtilə belə deyildi. Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə aralarında güclü birlik olan dünya erməniləri beynəlxalq siyasətə çox ciddi təsir rıçaqlarına malik idilər. ABŞ prezidentlərinin bir neçə müşaviri, bir neçə senator, konqresmen, ştat qubernatoru milliyyətcə erməni idi. Keçmiş SSRİ-də M.S.Qorbaçov ermənilər tərəfindən birbaşa və ya dolayı yolla idarə olunurdu. Spitak zəlzələsinə yardım adı ilə SSRİ Ermənistan SSR-in dövlət büdcəsinə 6 milyard dollar kömək etdi. Bu, o zamankı Ermənistanın ikiillik dövlət büdcəsinə bərabər idi. Ermənilərin əlindəki bütün geosiyasi, humanitar və maliyyə resurslarını Dağlıq Qarabağ münaqişəsi "yedi". Bu gün Ermənistan suverenliyini itirmiş, dünya dövlətləri tərəfindən ələ salınan, dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollar olan dövlətdir; milli birlik də dağılıb. Azərbaycanı SSRİ-nin tərkibindən sıfır büdcə ilə xaricə atdılar; ölkə daxilində xaos yaradıldı. Erməni təcavüzü ilə təkbaşına qalan Azərbaycan nəinki ərazilərini, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə rastlaşmışdı. İndi Ermənistan 90-cı illərin əvvəllərindəki Azərbaycana, Azərbaycan isə həmin illərin Ermənistanına oxşayır. Belə polyar dəyişikliyi ermənilərin başladığı Dağlıq Qarabağ münaqişəsi yaradıb. İndi Azərbaycan təkcə Qarabağ problemini deyil, həm də Ermənistanın taleyini həll etmək qüdrətindədir".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan dərin dövlətçilik ənənələrinə, yüksək əxlaqi dəyərlərə malik, qonşuların xeyrinə münasibət qurmağı bacaran orijinal xalqdır: "Bu gün Azərbaycanın Rusiyanın regionları ilə münasibətində qazanc birinci yerdə deyil, Azərbaycan Gürcüstana öz daxili qiymətinə qaz satır. Azərbaycanın Türkiyəyə verdiyi qaz Türkiyənin digər dövlətlərdən aldığı qazdan xeyli ucuzdur. Qonşulara belə münasibət Azərbaycan xalqının genində olan vərdişdir. Ermənilərin işğalçılığına baxmayaraq, Azərbaycan özündə güc tapıb, Ermənistana da ucuz qaz təklif etdi. Hətta bəlkə də bu qazın qiyməti Gürcüstana satılan qazın qiymətinə bərabər olardı. Rəsmi Bakı Ermənistanın regional layihələrə qoşmaq imkanından danışdı. Hətta ola bilərdi ki, Azərbaycan neft və qazını daşıyan kəmərin bir hissəsi Ermənistanın da ərazisindən keçsin. Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən bu təkliflərə münasibəti bu günədək yoxdur".

Mərkəz direktoru hesab edir ki, Ermənistan prezidenti (eyni zamanda şahmat federasiyasının prezidenti) indi "susq-vanq" vəziyyətindədir: "Nə addım atırsa, məğlubiyyətə yaxınlaşır. Ermənistan nə qədər tez Azərbaycan torpaqlarını işğaldan azad etsə, özünü bir o qədər tez problemdən azad etmiş olar: dövlətçiliyi yaşaya bilər. Qarabağ problemi Ermənistan üçün radioaktiv maddə kimidir. İndi ən zəruri addım Ermənistan rəhbərliyinin, erməni xalqının ağsaqqallarının Azərbaycan rəhbərliyindən və Azərbaycan xalqından üzr istəmələridir. Ermənilər bizə qarşı dəhşətli xəyanətlər ediblər, amma xalqımızın qəlbi böyükdür: üzr istəsələr, günahlarından keçmək mümkündür. Dövlət müstəqilliyimiz əbədidir, gücümüzə arxayınıq: erməni xalqının bir də bizə qarşı belə xəyanət etməsinə imkan verməməyə gücümüz çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti