...

ATƏT-in Minsk Qrupu: Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayında görüşü planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2013 23:43 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə noyabrda görüşün keçirilməsi planlaşdırılıb.
ATƏT-in Minsk Qrupu: Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayında görüşü planlaşdırılıb

Azərbaycan, Bakı, 5 noyabr / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə noyabrda görüşün keçirilməsi planlaşdırılıb. Trend ATƏT-in Minsk qrupunun (MQ) bəyanatına istinadən bu barədə məlumat verir.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün tərəflərə kömək etmək məqsədilə noyabrın 4-5-də regiona səfər ediblər.

Səfər çərçivəsində diplomatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarqsyanla görüşüblər. Onlar həmçinin hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə görüşüblər.

"Prezidentlər 2013-ci ilin noyabrında görüşmək niyyətini təsdiq ediblər və nizama salınma üzrə öz mövqelərini dəqiqləşdirmək istiqamətində irəliyə doğru inkişaf yollarını müzakirə edəcəklər", - ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Həmsədrlər qarşıdakı görüşə hazırlıq üzrə işi davam edirlər, bəyanatda deyilir.

Münaqişə Cənubi Qafqaz ölkələri arasında Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən 1988-ci ildə yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti