Azərbaycan, Bakı, 2 avqust /Trend/
Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərini güc tətbiqindən çəkinməyə və regionda vəziyyətin sabitləşməsi üçün tədbirlər görməyə çağırır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Mariya Zaxarova bəyan edib.
O, qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi zonasında xeyli insan itkisinə səbəb olan vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ciddi narahatıq. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk.
Son hadisələrə atəşkəs haqqında razılaşmanın və nizamlanmaya siyasi yollarla nail olmaq barədə bəyanatların ciddi şəkildə pozulması kimi baxırıq. Bundan çıxış edərək bildiririk ki, gələcək eskalasiya yolverilməzdir".
Onun sözlərinə görə, RF XİN qarşıdurmanın bütün iştirakçılarını təmkinli olmağa, güc tətbiqindən imtinaya və vəziyyətin sabitləşməsi üçün təcili tədbirlər görməyə çağırır.