...

Fəzail Ağamalı: Ermənistan təcavüzkar dövlət kimi çoxdan beynəlxalq gücün sanksiyalarına məruz qalmalı idi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan təcavüskar bir dövlət kimi çoxdan beynəlxalq gücün ciddi sanksiyalarına məruz qalmalı idi, lakin Ermənistanın son günlər cəbhə xəttində törətdiyi təxribatlara beynəlxalq ictimaiyyətin münasibəti dünyada ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərdi". Bunu Trend-ə millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, çox təəssüf ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri hələ də hər iki tərəfi sülhə çağırır, atəşkəs rejiminə əməl etməyə dəvət edir və Ermənistan təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur: "Yenə də ikili standart, yenə də təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan eyniləşdirilir. Bu, əlbəttə, təəssüf doğurur. Necə olur ki, Rusiya Ukrayna hadisələrinə görə ciddi sanksiyalara məruz qalır və dünyanın aparıcı dövlətləri bu sanksiyaları Rusiyaya qarşı tətbiq edir, ancaq 20 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının barəsində Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmaqla bağlı dörd qətnamə qəbul etdiyi Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Deməli, dünyada ikili standartlar var və son hadisələr də bu ikili standartlarda zərrə qədər də dəyişikliyin əmələ gəlmədiyini göstərir".

Millət vəkili deyib ki, bütün bunlara baxmayaraq, Ermənistan törətdiyi təxribatlara görə Azərbaycan tərəfindən kifayət qədər ağır zərbələr aldı və Azərbaycanın hərbi gücünü əyani şəkildə gördü: "Təsadüfi deyil ki, Ermənistan ATƏT-in Minsk qrupuna, ayrı-ayrı təşkilatlara, hətta ABŞ Prezidentinə müraciət edərək Azərbaycanın Ermənistanın təxribatlarına qarşı vermiş olduğu cavabı dayandırmağa cəhd etdi və çıxılmaz vəziyyətə düşdüyünü dərk etməkdədir. Ermənistan bir tərəfdən Azərbaycanın vermiş olduğu cavabı dayandırmaq üçün yalvarışlar edir, digər tərəfdən isə təxribatları davam etdirir. Bu, ikili siyasətin göstəricisidir".

Onun sözlərinə görə, Azərbaycan Ordusu son bir neçə gündə özünün güclü olduğunu, sarsılmaz bir qüvvə olduğunu nümayiş etdirdi və bu, Ermənistan üçün ciddi dərs oldu: "Əgər Ermənistan bu cür davam edərsə, Azərbaycandan daha ağır zərbələr alacaqdır, buna qətiyyən şübhə yoxdur. Azərbaycanın nümayiş etdirdiyi sərt hərbi və diplomatik mövqe axıra kimi davam etdirilməlidir və Ermənistan işğal edilmiş trorpaqlardan çıxmaq məcburiyyətində qalmalıdır".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti