Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Ermənilər Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmayıblar. Ermənistanda Sarkisyan-Köçəryan rejiminin sonu gələcək". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsinə həsr edilmiş tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır: "Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq".
Onun sözlərinə görə, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: "İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb".
Ə.Həsənov bildirib ki, D.Əsgərov və Ş.Quliyevə qarşı açılan cinayət işləri əsassızdır: "Azərbaycan torpaqlarının işğalında iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdi ki, Dilqəm və Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi. Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz illərlə göstərib. Azərbaycan Prezidentinin gördüyü işlər çoxlarını qıcıqlandırır, paxıllıq edirlər. Bugünkü dünya budur. Prezident neft kapitalını insan kapitalına çevirirsə, niyə paxıllıq edirlər? Başqaları nə işlə məşğuldurlar? Koalisiya, başqa şeylər yaradırlar, harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur. Azərbaycan xalqının bir inam yeri var, o da Prezident İlham Əliyevdir".