...

Milli Məclis Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma "məhkəməsini" müzakirə etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2014 12:58 (UTC +04:00)
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı keçirilən qondarma “məhkəmə” məsələsi müzakirə edilib.
Milli Məclis Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma "məhkəməsini" müzakirə etdi

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı keçirilən qondarma "məhkəmə" məsələsi müzakirə edilib.

Trend-in məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, separatçı rejim qondarma "məhkəmə" keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər.

Deputat İqbal Ağazadə Milli Məclis sədrindən azərbaycanlı girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq beynəlxalq təşkilatlar vasitəsilə göndərilməsini istəyib: "Onlar üzərində qondarma "məhkəmə" keçirilir. Biz heç olmasa çalışıb onların hüquqlarının normal müdafiəsini təşkil etməliyik. Bunun üçün nə lazımdırsa, mən hazıram".

Deputat Qənirə Paşayeva isə bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir: "Onlar üzərində oyuncaq bir "məhkəmə" keçirilir. Biz bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur".

Vitse-spiker Bahar Muradova isə onların üzərində qurulan qondarma "məhkəmə"ni hüquqi cəhətdən tanıyıb ora vəkil göndərilməsinin əleyhinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti