Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Səba Ağayeva/
"Bakı və regionda apardığım danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub". Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişə 20 ildən artıqdır davam edir və bu, insan faciəsidir.
D.Lidinqton bildirib ki, münaqişənin mövcudluğu region üçün təhlükə törədir: "Britaniya vəziyyətdən çıxış yollarını nəzərdən keçirir və münaqişənin həll edilməsi üçün hansı köməyi göstərməyin mümkünlüyü barədə düşünür. Biz tərəflərə problemi necə həll etməyi diktə edə və ya nəyisə göstərə bilmərik, lakin müxtəlif təklif və təşəbbüslərlə münaqişənin həllinə yardım edə bilərik".
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatlar üçün prioritet təşkil edir: "Bu, münaqişənin həllində Azərbaycan və Ermənistan üçün əsas olmalıdır. Münaqişənin yekun həlli prosesi nə qədər tez başlasa, bir o qədər yaxşıdır".
O, qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşüb: "Belə şəraitdə yaşamaq mümkün deyil".