Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyət göstərməli olan qurumların hələ də ikili standartları davam edir. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşdə deyib.
B.Səfərov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: "Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik".
Bununla yanaşı, görüşdə iştirak edən millət vəkili Elman Məmmədov qeyd edib ki, Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsi müsbət haldır.
E.Məmmədov deyib ki, münaqişənin həlli üçün Böyük Britaniyanın dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.
D.Lidinqton da öz növbəsində Bakıda olmaqdan və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirib və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Britaniya və eləcə də bütün Avopa üçün çox vacib məsələdir. Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.
İcmanın mərkəzi qərargahında keçirilən görüşdə İcmanın idarə heyətinin üzvləri Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov və İcmadaxili məsələlər üzrə şöbə müdiri Nadir Bayramov da iştirak edib.