Azərbaycan, Bakı, 18 noyabr/ Trend, müxbir Səbinə Əhmədova/
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andrö Londonda görüşüblər.
Diplomatik mənbədən Trend-ə bildirilib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyət müzakirə olunub.
Qeyd edək ki, britaniyalı nazir noyabrın əvvəlində Ermənistanda və Azərbaycanda səfərdə olub. Azərbaycanda səfərdə olarkən, D.Lidinqton ölkə rəhbərliyi, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov və digərləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında məlumatlandırılıb.
D.Lidinqton Bakıya səfəri zamanı bildirib ki, Bakı və regionda apardığı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Onun sözlərinə görə, münaqişə 20 ildən artıqdır davam edir və bu, insan faciəsidir.
D.Lidinqton bildirib ki, münaqişənin mövcudluğu region üçün təhlükə törədir: "Britaniya vəziyyətdən çıxış yollarını nəzərdən keçirir və münaqişənin həll edilməsi üçün hansı köməyi göstərməyin mümkünlüyü barədə düşünür. Biz tərəflərə problemi necə həll etməyi diktə edə və ya nəyisə göstərə bilmərik, lakin müxtəlif təklif və təşəbbüslərlə münaqişənin həllinə yardım edə bilərik".
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatlar üçün prioritet təşkil edir: "Bu, münaqişənin həllində Azərbaycan və Ermənistan üçün əsas olmalıdır. Münaqişənin yekun həlli prosesi nə qədər tez başlasa, bir o qədər yaxşıdır".
O, qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşüb: "Belə şəraitdə yaşamaq mümkün deyil".