...

Musa Qasımlı: Ermənistanın təkbaşına Azərbaycan ərazilərini işğal etmək gücü olmayıb, indi də yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2015 15:42 (UTC +04:00)
"Cənab Prezident İlham Əliyevin müşavirədə söylədikləri gerçəklikləri əks etdirir. Ermənistanın təkbaşına Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal etməsi üçün zəruri olan gücü olmayıb və indi də yoxdur".
Musa Qasımlı: Ermənistanın təkbaşına Azərbaycan ərazilərini işğal etmək gücü olmayıb, indi də yoxdur

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Cənab Prezident İlham Əliyevin müşavirədə söylədikləri gerçəklikləri əks etdirir. Ermənistanın təkbaşına Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal etməsi üçün zəruri olan gücü olmayıb və indi də yoxdur". Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili qeyd edib ki, dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından Ermənistanı Azərbaycanla həm 80-ci illərin sonları - 90-cı illərdə, həm də indi müqayisə etmək mümkün deyil: "Bir dövlətin digər bir ölkənin ərazisini işğal etməyə qadir olan ordu yaratmaq üçün insan ehtiyatı, maliyyə, iqtisadi gücü, hərbi-sənaye kompleksi, digər resursları və s. olmalıdır. Bunlar Ermənistanda yoxdur. Ayrılıqda və birlikdə götürüldükdə Ermənistan Azərbaycanla müqayisə edilə bilməz".

M.Qasımlı vurğulayıb ki, gerçəklik ondan ibarətdir ki, Qərbdəki müəyyən dairələr konkret strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünü müəyyən pərdələr altında müdafiə etdilər: "SSRİ-nin dağılması prosesində isə mərkəzi hakimiyyət hər iki respublikanı öz təsiri altında saxlamaq və müstəqil dövlət kimi formalaşmalarına imkan verməmək üçün Ermənistanın təcavüzünə açıq şəkildə yardım etdi. Regionda iqtisadi-maliyyə vasitələri ilə qalmağın mümkün olmadığını görən Boris Yeltsin Rusiyası münaqişəni dərinləşdirərək ərazilərimizin işğalında Ermənistana kömək etdi".

O bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münqaişəsinin bu gün dinc yolla həll edilməməsinin səbəblərindən biri də məhz müxtəlif dövlətlərin regionda maraqlarının toqquşmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti