Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Səba Ağayeva/
Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla Yerevanda keçirilən görüşü əməkdaşlığa deyil, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına köklənib. Bu barədə çərşənbə günü Trend-ə bu faktı şərh edərkən Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Nümayəndəlikdən deyiblər: "Bu, Salberin separatçı rejimin nümayəndələri ilə ilk görüşüdür və o, istisnasız olaraq icmalar arasında dialoqun qurulmasına yönəlib. Görüşdə əməkdaşlıq müzakirə olunmayıb".
Çərşənbə axşamı Ermənistan KİV-i xəbər verib ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salber Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla Yerevanda görüşüb.
Salber Ermənistan mətbuatına bildirib: "Biz bu tip dialoqu, bu tipdən olan təmasları mütləq davam etdirəcəyik. Bu mənim Dağlıq Qarabağın nümayəndələri ilə ilk görüşümdür. Biz bu dialoqu davam etdirəcəyik və təmaslarımızın davam etdirilməsi üçün hansı yolları tapmağın mümkün olduğunu görəcəyik".
Aİ nümayəndəliyindən bildirilib ki, bu görüş barədə Azərbaycan hakimiyyəti ətraflı məlumatlandırılmışdı və bu, hətta 2015-ci il yanvarın ortalarında xüsusi nümayəndənin Bakıya səfəri zamanı müzakirə edilmişdi.
Nümayəndəlikdən deyilib ki, Aİ-nin xüsusi nümayəndəsi daim Bakıda məcburi köçkünlərin nümayəndələri ilə görüşlər keçirir: "Aİ-nin xüsusi nümayəndəsi bütün tərəfləri dinləməyi, onların mövqeyi ilə tanış olmağı vacib hesab edir. Aİ-nin ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərə dəstəyinin qeyd edilməsindən ötrü bütün təmaslardan istifadə oluna bilər".