...

Niderlandda Xocalı soyqırımının 23-cü ildönümü qeyd edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 11:41 (UTC +04:00)
Xocalı soyqırımının 23-cü ildönümü, şəhidlərimizin xatirəsi dünyanın bir çox ölkələrində olduğu kimi Niderlandda da müxtəlif tədbirlər keçirməklə anılmaqdadır.
Niderlandda Xocalı soyqırımının 23-cü ildönümü qeyd edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü, şəhidlərimizin xatirəsi dünyanın bir çox ölkələrində olduğu kimi Niderlandda da müxtəlif tədbirlər keçirməklə anılmaqdadır. Trend xəbər verir ki, belə anım günlərindən biri də məhz fevral ayının 26-da oldu.

Proqrama uyğun olaraq, başda Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev olmaqla səfirliyin digər əməkdaşları, bu ölkədəki bir çox diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri və orada yaşayan azərbaycanlılar Den Haaq şəhərindəki Xocalı abidəsinin önünə toplaşdılar. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra abidənin önünə əklil və gül dəstələri qoyuldu. Daha sonra ora toplaşanlar "Nieuwspoort" Beynəlxalq Mətbuat Mərkəzində "Xocalıya Ədalət" Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində "Light a Fire to Fight the Liar" ("Yalanla Mübarizə üçün Alov Yandır") adlı fotosərgidə iştirak etmək üçün yola çıxdılar. Bu tədbir də şəhidlərimizin xatırəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Bundan sonra sərgiyə gələn ziyarətçilər Xocalı soyqırımını özündə əks etdirən çoxsaylı fotolarla, kitablarla tanış olmaq olmaq imkanı qazandılar. Eyni zamanda, sərgi keçrilən salona yerləşdirilmiş monitorlarda həmin günün dəhşətlərini özündə əks etdirən kadrlar nümayiş olunurdu. Sərgini ziyarətə gələnlər Niderland parlamentinə təqdim etmək məqsədilə Xocalı soyqırımı ilə bağlı petisiyanı imzalamaq imkanı da qazandılar.

Bu tədbirin davam etdiyi saatlarda isə Niderland Parlamentinin önündə, yerli ictimaiyyətin soyqırım barədə ətraflı məlumatlandırılması məqsədilə "Xocalıya Ədalət" ("Justice for Khojaly"), eləcə də "Yalanla Mübarizə üçün Alov Yandır" ("Light a Fire to Fight the Liar") şuarları altında çadır qurulmuşdu. Təşkilatçılar Xocalı dəhşətlərini özündə əks etdirən məlumat və fotoları ətrafda olan insanlara dağıdaraq onları bu soyqırım haqqında məlumatlandırmağa çalışırdılar. Tədbirin sonunda yerli ictimaiyyətin təmsilçiləri tərəfindən imzalanmış Xocalı soyqırımı ilə bağlı petisiya Niderland parlamentinə təqdim edildi.

Axşam saatlarında isə Ermənistanın bu ölkədəki səfirliyinin önünə qədər yürüş və orada qısamüddətli mitinq keçrildi. Mitinqin sonunda səfirliyinin önünə qara çələng qoyuldu. Daha sonra isə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin önünə yürüş keçrilərək səfirliyimizin önünə qərənfillər qoyuldu.

Qeyd edək ki, bütün bu tədbirlərdə səfirliyimizin əməkdaşları ilə birlikdə Bakıdan gələn nümayəndə heyəti - Milli Məclisin üzvləri Sahib Alıyev, Zahid Oruc, sabiq deputat Həvva Məmmədova, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev də iştirak edirdilər.

Tədbirlər müvafiq olaraq Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi, Niderland-Azərbaycan Əməkdaşlıq Platforması, Azərbaycan-Türk Kültür dərnəyi, Hollandiya Türkləri Konseyi tərəfindən təşkil edilmişdi. Hollandiya Türk Kültür Dərnəyinin sədri İlhan Aşqının dediyinə görə, Xocalıya həsr olunmuş tədbirlər davam edəcəkdir və bunlardan biri də mart ayının 1-də Den Haaq şəhərindəki abidənin önündə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti