...

Mübariz Əhmədoğlu: ATƏT MQ-nin dəstəkçiləri əvvəlcə onun fəaliyyətini monitorinq etməli, sonra dəyərləndirməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2015 12:21 (UTC +04:00)
“ATƏT-in Minsk qrupunun vasitəçiliyində son vaxtlar diqqət çəkən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində monopoliyaçılığı gücləndirmələridir”.
Mübariz Əhmədoğlu: ATƏT MQ-nin dəstəkçiləri əvvəlcə onun fəaliyyətini monitorinq etməli, sonra dəyərləndirməlidirlər

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Elçin Mehdiyev/

"ATƏT-in Minsk qrupunun vasitəçiliyində son vaxtlar diqqət çəkən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində monopoliyaçılığı gücləndirmələridir". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, hər hansı qurum və ya dövlət Dağlıq Qarabağ tənzimlənməsi məsələsində aktivlik göstərən kimi ATƏT MQ vasitəçiləri və onların havadarları birbaşa və ya dolayısı yolla yeni peyda olan aktivliyi neytrallaşdırmağa çalışırlar: "Geniş yayılmış vasitələrindən biri də ATƏT-ə üzv dövlətlər və Aİ təmsilçilərinin Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-yə dəstək vermələrini tez-tez təkrarlamalarıdır. Əslində, ATƏT MQ bununla Dağlıq Qarabağ tənzimlənməsini daha da yubadır. Bunlar ümumi və ya şablon fikirlər deyil. ATƏT MQ-nin fəaliyyətini öyrənən hər kəs özü də bunu çox asanlıqla başa düşə bilər. Əvvəla, ATƏT MQ vasitəçiləri Yenilənmiş Madrid Prinsiplərini sıradan çıxarmaq istəyirlər. Yenilənmiş Madrid Prinsipləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün spektrlərini əhatə edir. Madrid Prinsipinin yenilənmiş variantındakı tənzimlənmə prinsipləri, 6 maddə və rezume bir-birini qarşılıqlı surətdə tamamlayır. 6 maddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ tənzimlənməsinə dair yol xəritəsi funksiyasını da yerinə yetirə bilər".

M.Əhmədoğlunun sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə həqiqətən məşğul olmaq istəsələr, Dağlıq Qarabağın həm özündə, həm işğal olunmuş ətraf rayonlarda, həm də Ermənistan-Azərbaycan münasibətlərində istənilən istiqamətlərdən tənzimlənmə prosesini başlaya bilərlər.

Politoloqun fikrincə, Madrid Prinsipinin yenilənmiş variantı Dağlıq Qarabağ münaqişəsi və onun ərtafında yaranmış bütün problemləri həll etmək qüdrətindədir: "Əgər bu gün Ermənistan tərəfi Dağlıq Qarabağın daxilində hər hansı tənzimlənmə məsələsi ilə məşğul olmaq gücündə deyilsə, Ermənistandan qovulmuş azərbaycanlıların və Azərbaycanı tərk etmiş ermənilərin öz əvvəlki məskənlərinə qayıtması məsələsini aktuallaşdıra bilərlər. Bu məsələni reallaşdırmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində böyük inam potensialı yarada bilərlər. Azərbaycanı tərk etmiş ermənilər Ermənistan ərazisində strukturlaşıblar və təşkilatları var. Vaxtaşırı mətbuatda həyəcan təbili çalırlar. ATƏT MQ həmsədrləri nəzərə alsınlar ki, erməni təkcə S.Sərkisyan və S.Ohanyan deyil. Öz problemlərinin həllini tələb edən Azərbaycandanköçmüş ermənilər də xristian və ermənidirlər. İkincisi, həmsədrlər ortalığa qoyduqları təklifləri dəyişməklə və hər dəfə dəyişərkən əhəmiyyətini və statusunu azaltmaqla məqsədlərini nümayiş etdirirlər. Məqsəd, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaqdır. ATƏT MQ həmsədrlərinin son 5 ildə ortalığa qoyduğu təklifləri və bu təkliflərin taleyini tədqiq etməklə bunu başa düşmək olar. Üçüncüsü, vasitəçilər Azərbaycan və Ermənistanprezidentlərini öz xalqlarının sülhə hazırlamağa çağırırlar. Amma bu işi vasitəçilər özləri çox asanlıqla yerinə yetirə bilərlər. Tərəflərin razılaşmadığı məsələlərin izahını verməklə ictimai rəyi asanlıqla formalaşdırmaq mümkündür".

M.Əhmədoğlu qeyd edib ki, prezidentlərdən siyasi iradə tələb edən həmsədrlər ilk növbədə özləri məhz bu məsələdə siyasi iradə nümayiş etdirməlidirlər. Onun sözlərinə görə, Yenilənmiş Madrid Prinsiplərinin rəsmi izahını verməlidirlər:

"Yenilənmiş Madrid Prinsiplərində olan tənzimlənmə prinsiplərinin və maddələrin hər birinin ayrı-ayrılıqda izahını verməklə Azərbaycan və Ermənistan ictimaiyyətini sülhə daha yaxşı hazırlamaq olar. Bunları etməyi ATƏT MQ həmsədrlərinə heç mandat, qurum və ya şəxs qadağan etməyib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazırdır. Bunu onun fəaliyyəti sübut edir. Yenilənmiş Madrid Prinsiplərini Azərbaycan tənzimləmək üçün əsas kimi qəbul edib. Hər imkan düşəndə Böyük Sülh Sazişinin hazırlanmasının başlanmasını tələb edir. Ermənistan Yenilənmiş Madrid Prinsiplərini qəbul etməyib. Ona görə də Yenilənmiş Madrid Prinsiplərini yalnız preambulası üzrə sənəd imzalamağa tələb edir və "bu sənədi də hökmən Dağlıq Qarabağ erməniləri tanımalıdır" -şərtini irəli sürür".

M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini arzuladığı və buna hazır olduğu üçün ötən ilin avqustunda Soçidə Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusunu qəbul etdi:

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır olmadığı üçün Soçidə V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusu ilə bağlı təklifini rədd etdi. Dağlıq Qarabağ münaqişəsinin ATƏT MQ vasitəsilə tənzimlənəcəyini bildirdi. ATƏT MQ-nin ortalığa qoyduğu ən sanballı sənəd olan Yenilənmiş Madrid Prinsiplərini isə Ermənistan rədd edir. Prezident Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində əsas ümidi ATƏT MQ həmsədrləridir. Pul və ya digər faktordan asılı olan, islamafobiyaya meyilli olan həmsədrlər dinctənzimlənməyə mövqeyini dəyişməyənə kimi Ermənistan mövqeyini dəyişməyəcək. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi variantarla da tənzimlənməsinə hazırdır. İndi Ermənistan hərbi baxımdan da acizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti