...

Elman Məmmədov: "Bir az düşünməyi bacaran bütün ermənilər Ermənistandan qaçmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2015 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Erməni əsgər görür ki, özgə torpağındadır və özünün dediyi kimi, onlara aid olmayan torpaqda ölmək istəmir və Azərbaycan Ordusunun gücünü, özünün qulluq etdiyi ordunun acınacaqlı vəziyyətini görür. Buna görə fikirləşib, nəticə çıxarıb, ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçib imdad diləyir".

Bu barədə Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov erməni əsgərin könüllü olaraq Azərbaycan tərəfinə keçməsinə münasibət bildirərkən deyib.

E.Məmmədov qeyd edib ki, bir qədər ağlı olan, bir az düşünməyi bacaran bütün ermənilər ya Azərbaycan tərəfə keçməli, ya da Dağlıq Qarabağdan, Ermənistandan çıxıb qaçmalıdır: "Çünki bu gün Ermənistan iqtsadiyyatı tamamilə dağılmış, dilənçi vəziyyətində yaşayan bir dövlətdir. O cümlədən Ermənistanın himayəsində olan separatçı Dağlıq Qarabağ rejimində də vəziyyət eyni cürdür. Ermənilərin özlərinin statistik məlumatlarına əsasən bu gün Ermənistanda heç 1,5 milyon əhali qalmayıb, yəni kimin imkanı varsa oradan qaçıb. Həmin əsgər çox düzgün yol tutub, çünki bu gün o səngərlərdə olan erməni əsgərlər bir qarın yeməyə möhtacdırlar və o əsgərlərə rəhbərlik edən komandirlər cinayətkar insanlardan ibarətdir".

O, əlavə edib ki, digər tərəfdən, belə bir həqiqət də mövcuddur ki, Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında yaranmış çox ciddi düşmənçilik vəziyyəti orduda da özünü göstərir: "Həmin əsgər özü də ifadə etdi və bu məlumatlar həmişə hallanır ki, Ermənistan ordusunda cinayətkarlıq baş alıb gedir. Bu, bir daha ondan xəbər verir ki, yaxın vaxtlarda Azərbaycan Ordusu zəfər yürüşünə çıxacaq və torpaqlarımızı işğaldan azad edəcək. Artıq bu vaxt yaxınlaşıb".

Millət vəkili Ermənistanın havadarlarına da çağırış edib: "Erməniləri tarixən köçürüb Azərbaycan torpaqlarında yerləşdirən dövlətlər və beynəlxalq qüvvələr bir az ağıllı fikirləşsələr, erməniləri başa salarlar ki, Azərbaycan torpaqlarından müharibəsiz çıxıb gedin. Getməsəniz, Azərbaycan onsuz da torpaqlarını hərbi güclə işğaldan azad edəcək. Yəni Azərbaycanı buna məcbur etməmək üçün siz könüllü olaraq bu torpaqlardan çıxıb gedin".

E.Məmmədov deyib ki, Ermənistanın bir dövlət kimi qalmasının yeganə yolu Azərbaycanla münasibətləri düzəltməkdir: "Əks halda Ermənistan məhv olacaq".

Qeyd edək ki, martın 22-də günorta saatlarında ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. İlkin dindirmədə Andranik Qriqoryan bildirib ki, o, 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti