Azərbaycan, Bakı, 13 iyul /Trend/
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov iki soydaşımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
E.Behbudovun Trend-ə verdiyi məlumata görə, müraciət BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasının Parlament Assambleyasına və Cenevrədə yerləşən İşgəncələrə Qarşı Ümumdünya Təşkilatına göndərilib.
Komitə sədri qeyd edib ki, beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə hazırda Şuşa həbsxanasında saxlanılan D.Əsgərov və Ş.Quliyevə ermənilər tərəfindən verilən dəhşətli işgəncə faktlarına diqqət çəkilib və təşkilatlardan soydaşlarımızın tezliklə azad olunması üçün prosesə müdaxilə edərək beynəlxalq hüquqi qiymət verilməsi xahiş olunub.
E.Behbudov müraciətində eyni zamanda, hazırda Azərbaycanda saxlanılan erməni kəşfiyyatçısı Arsen Baqdasaryan və hərbçi Andranik Qriqoryana qarşı davranışlara da diqqət çəkib: "Azərbaycan dövləti həmişə öz humanistliyini nümayiş etdirib. Bu münasibət hazırda Azərbaycanda saxlanılan erməni hərbçilərinə də qarşı göstərilir".
E.Behbudov müraciətində beynəlxalq təşkilatlardan D.Əsgərov və Ş.Quliyevin tezliklə azad olunması üçün səylərini əsirgəməməyi xahiş edib.
O əlavə edib ki, rəhbərlik etdiyi Komitənin rəsmən üzv olduğu və sıx əməkdaşlıq etdiyi İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı ilə hazırda bu məsələ barədə danışıqlar aparır.