Fransa, Strasburq, 28 sentyabr /Trend, müxbir Anar Məmmədov/
Azərbaycanda qaçqın və məcburi köçkünlərin normal həyat sürmələri üçün bütün zəruri şərait yaradılıb. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyasında qurumun Bürosunun və Daimi komitəsinin görülən işlər barədə Andreas Qros tərəfindən hazırlanan hesabatı ətrafında çıxışında Azərbaycanın qurumda nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Millət vəkili çıxışında Azərbaycanın 20 ildən artıqdır qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini vurğulayıb: "20 ildən çoxdur ki, Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşib. 9 milyon əhalinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Biz bu vəziyyəti idarə edə bildik. Onların cəmiyyətə inteqrasiya olması və normal həyat sürmələri üçün bütün zəruri şərait yaradıldı. Türkiyədəki vəziyyətə nəzər salaq. Ölkə 2 milyon suriyalı qaçqını öz ərazisində qəbul edib. Türkiyə bunun üçün 6 milyard dollardan çox pul xərcləyib. Bu gün Macarıstanı təbrik etmək istəyirəm. Siyasi qrupun iclasında Macarıstan rəsmisi bizə Şengen zonasının "cəbhə xəttində" olmanın nə qədər çətin olduğunu dedi. Sual edirəm Niyə görə bu üç ölkə çətinliklərlə də olsa, bu problemi idarə edə bilirlər? Əlbəttə, problemlər var. Çünki Azərbaycan, Türkiyə və Macarıstan bununla bağlı qurumlara malikdir. Amma Avropa İttifaqı belə qurumlara malik deyil".
S.Seyidov çıxışında bu cür böhranlı vəziyyətlərin idarə olunmasında hökumət institutlarının rolunun vacibliyini qeyd edib: "20 ildən artıqdır ki, Assambleyada hökumət qurumlarının deyil, qeyri-hökumət təşkilarının daha görünəkli olması üçün hər şey edildi. Amma bu gün dövlət, parlament, hökumət olmadan bu böhranın həll olunmasının mümkünsüzlüyünü görürük. Elə etmək lazımdır ki, hər bir ölkədə parlamentlər və hökumətlər öz parlament və hökumət institutlarının rolu və fəaliyyətlərini dağıtmasınlar. Xöşbəxtlikdən, Assambleya bunu dərk etməyə başlayır".