...

Robert Sekutaya Azərbaycanın işğal olunmuş ərazilərində çalışan ABŞ şirkətlərinin siyahısı təqdim edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2015 16:53 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Robert Sekutaya Azərbaycanın işğal olunmuş ərazilərində çalışan ABŞ şirkətlərinin siyahısı təqdim edildi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, o cümlədən enerji, sənaye, İKT, təhsil və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan iqtisadiyyatı, dünyadakı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq istiqamətində görülmüş qabaqlayıcı tədbirlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə məlumat verən Ş.Mustafayev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, bu sahədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edilir.

Nazir Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb. Ölkəmizin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığına toxunan Ş.Mustafayev təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihənin həyata keçirildiyini qeyd edib.

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta USAİD-in Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib, ölkələrimiz arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb.

İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə, eləcə də ABŞ-ın ticarət nazirinin dəvəti ilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin Birləşmiş Ştatlara səfərinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti