...

Aprel döyüşlərinin nəticələri: iflasa uğrayan ehtimallar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 22:00 (UTC +04:00)
Artıq hər kəsə bəllidir ki, aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar xeyli aktivləşib.
Aprel döyüşlərinin nəticələri: iflasa uğrayan ehtimallar

Bakı. Elçin Mehdiyev - Trend:

Artıq hər kəsə bəllidir ki, aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar xeyli aktivləşib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında da bəyan etdi ki, son üç-dörd ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur.

Hətta belə demək mümkünsə, Qərb ilə Rusiya münaqişənin həlli istiqamətində danışıqlarda sanki rəqabətə giriblər. Hər iki tərəf danışıqlar prosesində aktivlik nümayiş etdirmək üçün ciddi cəhdlər göstərirlər. Çox qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentlərinin ard-arda Vyana və Sanq-Peterburq görüşləri, Rusiya xarici işlər naziri Sergey Lavrovun ard-arda Bakıya səfərləri və Dağlıq Qarabağla bağlı səsləndirilən bəyanatlar, o cümlədən prezident Vladimir Putinin Azərbaycana bu yaxınlarda gözlənilən səfəri, ABŞ dövlət katibi Con Kerrinin iyulun 14-də Moskvaya gözlənilən səfəri və bu səfərlər çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələrin aparılacağı və s. amillər münaqişənin həlli ilə bağlı xeyli aktivləşmənin olduğunu aydın göstərir.

Hər kəsə o da məlumdur bu aktivləşmə məhz aprel döyüşlərindən sonra müşahidə olunur. Çünki aprel döyüşləri bir neçə mühüm reallığı ortaya çıxardı.

İndiyə qədər bəzi dairələr düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib, artıq Azərbaycan cəmiyyəti münaqişənin həllində o qədər də həvəsli deyil, xüsusilə gənc nəsl sanki yadırğayıb. Onlar düşünürdülər ki, bu vəziyyətdən istifadə edərək münaqişəni uzatmaq və münaqişənin mövcudluğundan istifadə edərək öz maraqlarını həyata keçirməklə arzularını reallaşdıra biləcəklər.

Ancaq aprel döyüşləri onların bu ehtimallarını tamamilə alt-üst etdi. Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, vətənpərvərlik, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında cəmləşdi, nəinki Azərbaycan daxilindən, hətta xaricdən gənclərimiz könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciətlər etdi, bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu. Şəhidlərin dəfni zamanı yaranan izdiham, şəhidlərin ruhuna olan hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu ortaya çıxardı. Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə getməyə hazırdırlar.

Digər bir rallıq isə ordumuzun gücü və vətənpərvərlik ruhudur. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirmək iqtidarında deyil. Ermənistan ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından Azərbaycan ordusundan xeyli geridədir. Bunu Ermənsitan prezidenti Serj Sarkisyan da Almaniyaya səfəri zaman aydın şəkildə etiraf etdi. Bəlli oldu ki, belə güc nisbətində müharibə Ermənistanın qısa bir müddətdə rüsvayçı məğlubiyyəti ilə başa çatar.

Həmçinin aprel döyüşləri Azərbaycan ordusunun vətənpərvərlik, döyüş ruhunun nə qədər yüksək olduğunu göstərdi. Xüsusilə Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin döyüşlərdə əsgərlərin önündə getməsi, hətta əsgərlərini qorumaq üçün özünü qumbaranın üzərinə ataraq canından keçməsi kimi cəsarətli hərəkətlər ordumuzda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun göstəricisidir.

Bəli, münaqişənin həllini uzatmaq istəyən dairələr bütün bu reallıqları gördülər, əmin oldular ki, hər şey onların düşündüyünün əksinədir. Azərbaycan həm mənəvi, həm də maddi-texniki baxımdan işğal altında olan torpaqlarını azad etməyə tam hazırdır və münaqişə bir az da uzanarsa, onlar üçün çox acı nəticələr verə bilər. Bir sözlə, aprel döyüşləri hər kəs üçün bir dərs oldu. Odur ki, münaqişənin həlli ilə bağlı aktivləşmə qeyd olunmaqdadır. Ümid edək, bu aktivləşmə müsbət nəticələr verəcək. Həm S.Lavrovun son Bakı səfəri, həm Vladimir Putinin Azərbaycana gözlənilən səfəri, həm də Con Kerrinin Moskvaya səfəri münaqişənin həlli ilə bağlı danışıqları daha da intensivləşdirəcək və münaqişənin həllində bir dönüş yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti