...

Əbülfəs Qarayev: Ermənistan nümayəndələri dialoqa hazır deyillər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2017 18:00 (UTC +04:00)
Dağlıq Qarabağ mövzusu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bütün iştirakçılarına məlumdur.
Əbülfəs Qarayev: Ermənistan nümayəndələri dialoqa hazır deyillər

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ mövzusu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bütün iştirakçılarına məlumdur.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Ə.Qarayev bildirib ki, Ermənistan nümayəndələri də foruma dəvət olunmuşdu:

“Biz beynəlxalq təşkilatların vasitəsilə Ermənistan nümayəndələri də dəvət etmişdik, bu istiqamətdə danışıqlar aparılırdı. Ancaq onlar hazırda dialoqa hazır deyillər”.

Nazir bildirib ki, dünyada münaqişələrin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: “Biz istərdik ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll edilsin. Amma bir dövlət ki, BMT-nin qətnamələrinə riayət etmir, onları yerinə yetirmirsə, bu onların dialoqa hazır olmamağından xəbər verir”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti