...

Bəyanat: Azərbaycan və Ermənistan XİN rəhbərləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2019 21:31 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.
Bəyanat: Azərbaycan və Ermənistan XİN rəhbərləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur: “ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparıb. Həmsədrlər ayrı görüş keçiriblər, sonra isə nazirlərlə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edib. Bu, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dördüncü görüşü idi”.

Bildirilir ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: “Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar Prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər. İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlarının qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə edib, əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”.

Həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: “Həmsədlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar. Onlar yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti