...

DAĞLIQ QARABAĞ PROBLEMİ TÜRKİYƏDƏ BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2005 19:13 (UTC +04:00)

Sentyabrın 1-dən 4-dək Türkiyənin İzmir şəhərində "Sülh və əmin-amanlığın qorunmasında etnik qrupların rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, Azərbaycandan, Türkiyədən, Bolqarıstandan, Qırğızıstandan və digər ölkələrdən nümayəndələrin iştirak etdiyi tədbirdə regional münaqişələr, sülh prosesində etnik azlıqların rolu məsələləri müzakirəyə çıxarılıb.

Beynəlxalq konfransda Azərbaycanı Yazıçılar Birliyinin sədri Anar və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin üçüncü Ərazi şöbəsinin müdiri Ramil Həsənov təmsil ediblər.

Müzakirələr zamanı Cənubi Qafqazda sülhün bərqərar edilməsi və region ölkələrində yaşayan etnik qrupların təhlükəsizliyinin təmin olunması məsələləri ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Konfransda çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Ramil Həsənov Ermənistan-Azərbaycan münaqişəsi haqqında iştirakçılara məlumat verib, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, 20 min nəfərdən çox azərbaycanlının qətlə yetirildiyini, bir milyondan çox soydaşımızın öz torpaqlarından didərgin düşdüyünü diqqətə çatdırıb.

Dövlət Komitəsinin nümayəndəsi bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin sülh prinsiplərinə sadiq qaldığını, hələ də böyük siyasi və mədəni dözümlülük göstərdiyini bildirib.

Müzakirələr zamanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Azərbaycan dövlətinin ciddi addımlar atdığı xüsusi vurğulanıb. Kofnransda həmçinin Şimali Kiprə qarşı tətbiq olunan izolyasiya siyasətinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının atdığı addımlar yüksək qiymətiləndirilib.

Xəbər lenti

Xəbər lenti