Vardan Oskanyanın Azərbaycan XİN başçısı ilə görüşdən imtina etməsi öz dəlillərinin zəifliyi qorxusundan irəli gəlir. Bu barədə Azərbaycan XİN başçısının mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.
O bəyan edib ki, ən başlıcası danışıqlar prosesinin irəliləməsidir. "Ermənistan XİN başçısının Azərbaycanın BMT-dəki fəaliyyəti ilə bağlı bütün söylədikləri Ermənistanın regionda və dünyada müstəqil siyasət yürüdə bilməməsinin real dərəcəsini göstərir", - deyə T.Tağızadə qeyd edib.
Qeyd edək ki, V.Oskanyan hesab edir ki, Azərbaycan GUAM ölkələri ərazisində davam edən münaqişələrlə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsi ilə "Minsk prosesi"ndən diqqəti yayındırmağa çalışır.
T.Tağızadə qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri hələ də o fikirdədir ki, növbəti görüş nazirlər arasında keçirilməlidir.
Xattırladaq ki, Minsk Qrupu həmsədrlərinin Avropada Azərbaycan və Ermənistan XİN başçıları ilə sonuncu görüşü zamanı qərara alınıb ki, sentyabrın 25-də və ya 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində hər iki ölkənin xarici siyasət idarə başçıları arasında növbəti məsləhətləşmələr aparılmalıdır.