...

Qarabağın işğaldan azad edilməsi ilə bağlı Bakıda sorğu keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda əhali arasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yollarına dair mövqeyin öyrənilməsi üçün sorğu keçirib. Bu barədə bazar ertəsi QAT-dan məlumat verilib.

Sorğuda rəyi soruşulanlardan 51 faizi torpaqların hərbi yolla, 41 faizi isə sülh yolu ilə azad edilməsinə üstünlük verdiyini bildirib, 8 faiz isə cavab verməkdə çətinlik çəkib. Hərbi vasitəyə üstünlük verən iştirakçıların əksəriyyəti gənclər olub.

QAT-ın ekspertləri hesab edir ki, əvvəlki sorğularla müqayisədə bu dəfə "sülhpərvərlik" meylləri artıb və bunun da səbəbi döyüş əməliyyatlarının dayandırılmasından çox vaxt keçməsi, Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi və ölkədə vətənpərvərlik təbliğatının zəif aparılması ilə əlaqədardır.

Qeyd edək ki, QAT Qarabağın erməni işğalçılarından azad olunmsı üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti