Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dağlıq Qarabağda erməni separatçılarının qondarma "seçki" cəhdləri birmənalı şəkildə pislənilir. Bu barədə Azərbaycan Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağ üzərində nə qədər ki, Azərbaycanın suveren hüquqları bərpa olunmayıb, Qarabağın bütün əhalisi öz yurdlarına qaytarılmayıb və hamısının seçki hüququ təmin edilməyib, belə "seçkilər" qeyri-qanunidir və heç bir gücə malik deyil: "Heç kim tərəfindən tanınmayan qondarma qurumda keçirilən "seçkilər" də qondarmadır. Biz sülh danışıqları prosesində iştirak edən Minsk qrupuna da bu mövqeyimizi, müraciətimizi bildirmişik. Müraciətimizə cavab da almışıq və ermənilərin belə hərəkətləri heç kim tərəfindən tanınmır, əksinə, sülh danışıqlarına maneə kimi qiymətləndirilir"-deyə Həsənov vurğulayıb.
Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.