Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə danışıqlar aparır. Bu barədə çərşənbə axşamı Trend ə partiyanın sədri Fazil Qəzənfəroğlu məlumat verib.
BQP sədri qərargahla təmin olunması üçün ötən il Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin Komitənin təklif etdiyi yer partiyanı qane etməmişdi. BQP Dövlət Komitəsini məhkəməyə verməyə hazırlaşırdı.
Qəzənfəroğul bildirib ki, artıq məhkəməyə şikayət verilməsi təxirə düşüb. Çünki partiya ilə Dövlət Komitəsi arasında danışıqlar başlanılıb və BQP-yə növbəti dəfə qərargah üçün yer təklif ediləcək: "Dövlət Komitəsinin sədri Kərəm Həsənov mənə bildirib ki, bizim müraciətlə məşğul olması üçün müvafiq şöbəyə tapşırıq verib. Mən bu həftə Komitədə görüş keçirəcəm və bizə ediləcək yeni təklifi müzakirə edəcəyik" - deyə Qəzənfəroğlu məlumat verib.
Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır. Daimi qərargahı olmayan partiya müvəqqəti yerlərdə fəaliyyət göstərir.